Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu, dünya reytinqində beşinci sırada qərarlaşan Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Nüfuzlu Veyk-An-Zee superturnirində uğurlu çıxışınız münasibətilə sizi təbrik edirik. Maqnusa məğlubiyyətdən sonra ikinci yerlə kifayətlənməli oldunuz. Turnirdə çıxışınızı necə qiymətləndirirsiniz?
- Sözsüz, turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsen ilə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaldı. Yekunda ikinci yeri tutdum. Veyk-An-Zee superturniri böyük tarixə malik yarışdır. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticədir. Belə yüksək səviyyəli yarışda dörd oyunda qələbə qazanmaq yaxşı göstəricidir. Çıxışımdan razı qaldım.
- Dünya çempionu Maqnus Karlsenə qalib gəlmək üçün necə oynamaq lazımdır?
- Müxtəlif vaxtlarda M.Karlsen üzərində qələbəmiz olub. Mütəmadi olaraq yarışlarda qarşılaşırıq. Qələbələrimiz olur. Sadəcə, o, daha çox qalib gəlir. Dünya çempionu titulunu bütün turnirlərdə sübut etməyə çalışır. O, dünyanın bir nömrəli şahmatçısıdır. Tarixdə dahi şahmatçılar olur. Bizim dövrümüzdə də Maqnus Karlsen kimi dahi şahmatçı var. Onunla mübarizə aparmaq çətindir.
- Niderlandda verdiyin müsahibədə sabiq dünya çempionu Vişvanatan Anandı axtardığını söyləmisən. Yəni, Anand olmadığına görə turnirin ən yaşlı şahmatçısı olmaq səni təəccübləndirib?
- Azərbaycan milli komandası həmişə ən gənc kollektivlərdən sayılıb. İlk dəfə olimpiadada oynayanda orta yaş həddimiz 16 idi. Biz hər zaman gənc komanda kimi yadda qalmışıq.
Veyk-An-Zee turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum. Ona görə deyirdim, Anand, hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu, əlbəttə ki, bir zarafat idi. Amma yekunda ən yaşlı üç şahmatçı ilk dördlükdə qərarlaşdı. Yəni, yaşa baxmayaraq, yaxşı oynadıq.
- Maqnus Karlsen ilə partiya barədə danışmaq istərdim. Dünya çempionu sanki Şəhriyara qarşı xüsusi hazırlaşmışdı?
- Şahmatda səhvsiz oynamaq çox çətindir, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budur. Yəni, kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənimlə oyunda səhvə yol vermədi. Sanki Maqnusa qarşı deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın bu səviyyədə oynaması real deyil. Nə demək olar, bu, Maqnusdur. Onun oyununun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun oynamaq çətindir. Fikrimcə, bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşi ilə mübarizədə səhvləri olurdu. Amma Veyk-An-Zeedə mənimlə mübarizədə səhvə yol vermədi.
- Maqnus Karlsen kompüterə qalib gələ bilər?
- Turnirdən əvvəl düşünürdüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə heç-heçə etmək olar. Kompüterlə heç-heçə böyük uğurdur. Maqnus həmin gün mənimlə oynadığı oyunu oynasa, kompüterə uduzmayacaq.
- Maqnus şahmat tacı uğrunda görüşdə Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısınızmı?
- Turnirdə ilk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və özünü toplaya bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmirdik.
- Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış milli komanda üçün önəmli hesab edilir. Bu barədə nə deyə bilərsiniz?
- Milli komandanın oyunları hər zaman önəmlidir. Bilirsiniz ki, Olimpiada mühüm yarışdır. Olimpiadalarda ən yaxşı nəticəmiz Norveçdə olub - əlavə əmsallara görə 2-5-ci yerləri bölüşmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. Hazırda zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Çalışacağıq ki, Olimpiadada uğurlu nəticə göstərək. Ümid edirəm, builki nəticə ən yaxşısı olacaq.
- Bu yaxınlarda “Məmmədyarovlar” şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanımız olacaq?
- Vaxt tapdıqca şahmat məktəbinə gəlməyə çalışacağam. Hazırda dünya şahmat reytinqində ilk beşlikdə qərarlaşıram. Bu nəticə dünya şahmat tacı ilə bağlı fikirləşməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Vaxt olanda, sözsüz, gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə də gələcəyəm.
- Bu gündən etibarən təlim-məşq toplanışına yollanırsınız. Bu barədə danışmaq olar?
- Bu, bir sirdir. Heyəti açıqlamaq istəmirik. Qarşıda Belqrad və Berlin Qran-priləri olacaq. Bu, iddiaçılar turnirində iştirak üçün son şansdır. Ona görə 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün diqqətim hazırlığa yönəlib.