Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev qurumun 2014-cü ilin I rübdəki fəaliyyətinə dair hesabatı, Resurs və Təlim, Təhlil və İnkişaf şöbələrinin təşkil edilməsi, Redaksiya-nəşriyyat komissiyasının yaradılması məsələsi haqqında fikirlərini açıqlayıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun 2014-cü ilin I rübü ərzindəki fəaliyyətinə dair hesabatın Şura üzvlərinə təqdim edildiyini bildirərək sənədin ayrı-ayrı fəsilləri haqqında ətraflı məlumat verib. F.Qurbanov Şuranın tərkibində yaradılması təklif edilən Təhlil və İnkişaf şöbəsinin Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olan bütün sahələr üzrə araşdırmalar apararaq Şura qarşısında təkliflərlə çıxış etməsinin nəzərdə tutulduğunu bildirib.
Şura üzvləri Əliməmməd Nuriyevin "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyevanın Şuranın 10 fevral 2014-cü il qərarı ilə yaradılan "Hüquq və monitorinq" komissiyasının üzvlüyünə qəbul edilməsi təklifini dəstəkləyiblər.
Şuranın iclasında "Azad Qələmlər" Cəmiyyətinin layihəsinin maliyyələşdirilməsinə dair qəbul edilən qərar müzakirə edilərək ləğv olunub.
İclasda, həmçinin QHT-lərin bank hesablarından istifadəsi ilə bağlı ortaya çıxan problemlərin aradan qaldırılması üçün Mərkəzi Banka müraciət olunması qərara alınıb.
Şura üzvləri gündəlikdə olan məsələləri geniş müzakirə edərək ayrı-ayrılıqda səsə qoyaraq qəbul ediblər.
İclasın sonunda Şura üzvü İlqar Məmmədov ölkə Prezidentinin 20 noyabr 2013-cü il sərəncamına uyğun olaraq "Fərdi elektron pəncərə" məlumat sisteminin yaradılması üzrə Ədliyyə Nazirliyinin həyata keçirdiyi fəaliyyət haqqında iclas iştirakçılarına məlumat verib.
Son xəbərlər
Son Xəbərlər