Suraxanı məktəbliləri bölgələrə yola salındı - Foto

suraxani-mekteblileri-bolgelere-yola-salindi
Oxunma sayı: 1201

Bu gün “Ölkəmizi tanıyaq” tur-aksiyalarının növbəti mərhələsində Suraxanı məktəblilərinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təntənəli yolasalma mərasimi olub. 

“Qafqazinfo” xəbər verir ki, “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkındakı abidəsini ziyarət ediblər və Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar, “Ölkəmizi tanıyaq” tur-aksiyaları haqqında filmi izləyiblər.

Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Ötən müddətdə ildə 2 dəfə olmaqla, 7 istiqamət üzrə 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edən növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edir. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq. “Ölkəmizi tanıyaq” tur-aksiyalarında 393 Suraxanı məktəblisi iştirak etmişdir. Daha 40 məktəbli isə 12-ci tur-aksiyada iştirak edəcəklər. Beləliklə, 433 rayon məktəblisi “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olacaq.

Ötən tur-aksiyadan bəri ölkəmizdə Bədii gimnastika üzrə 37-ci dünya çempionatı, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Formula 1 SOCAR Azərbaycan Qran-Prisi, VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və digər bu kimi beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib.

Yolasalma mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, valideyn Kamilə Babayeva, tur-aksiyanın iştirakçısı 279 nömrəli tam orta məktəbin şagirdi Akif Eyyubov çıxış ediblər. 
Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam edib. Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.