Suraxanı rayonunda 2019-cu ilə yekun vuruldu - Foto

suraxani-rayonunda-2019-cu-ile-yekun-vuruldu
Oxunma sayı: 1239

“Suraxanı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, 2019-cu il ərzində rayonda sənaye məhsulunun istehsalı 392,9 milyon manat, nəqliyyat xidmətləri 13,5 milyon manat, rabitə xidmətləri 1,95 milyon manat, iaşə dövriyyəsi 20,3 milyon manat olub, 203,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, 70,8 milyon manat investisiya cəlb edilib, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1,157 milyard manatlıq əmtəə satılıb və 213,6 milyon manat məbləğində ödənişli xidmətlər göstərilib, orta aylıq əmək haqqı 676 manat təşkil edib, 5280 yeni iş yeri açılıb.

Rayon rəhbəri qeyd edib ki, ötən il rayon yollarının əsaslı təmiri ilə bağlı irimiqyaslı işlərə başlanılıb və ümumilikdə 20 km. uzunluğunda yolda yenidənqurma işləri aparılıb.

Hazırda rayonun bütün qəsəbələrində asfaltlama işləri aparılır, Yeni Suraxanı qəsəbəsinin bütün daxili yollarının əsaslı təmiri işləri davam edir. Eyni zamanda Yeni Suraxanı qəsəbəsinin kanalizasiya şəbəkəsi olmayan küçələrində 14,0 km. uzunluğunda kanalizasiyə xətlərinin çəkilişi işlərinə başlanılıb. Əmircanda diametri 800 mm, uzunluğu 1,9 km. olan yeni yağış-kanalizasiya kollektoru tikilir.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi 7, 8, 9,10, 10A, 10V, 10B ünvanlarda 4200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binaları təmir olunaraq abad məhəllə salınib, hazırda sözügedən layihə çərçivəsində Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində 7 bina, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində 12 bina, Samir Cəfərov küçəsində 14 bina olmaqla, ümumilikdə 15 hektar ərazini əhatə edən, 10 000-ə yaxın əhalinin yaşadığı 156 girişli 33 binada və məhəllələrdə abadlıq işləri aparılır.

Rayonunda ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində görülən işlərin miqyası artıb. Ötən il 70,8 min ədəd ağac əkilib 6 dekabr tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağac əkilmiş, Suraxanı rayonunda 4300 nəfərin iştirak etdiyi aksiyada 10100 ədəd şam və meyvə ağacları əkilib.

26 fevral tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Qaraçuxur qəsəbəsi, “Neftçilər” parkında 613 ağac əkilib.

Ötən il ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2591 nəfər vətəndaş qəbul edilib, keçirilən 45 səyyar görüş-qəbulda 4227 sakin iştirak edib.

2019-cu ildə rayon üzrə 850 nəfər işsiz vətəndaş yeni yaradılmış “DOST İŞ Mərkəzi” MMC tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilib, hazırda 823 nəfər bu sahədə çalışır.

2019-cu il ərzində 71 məcburi köçkün ailəsi Dövlət tərəfindən Qobu-2 yeni yaşayış sahəsində mənzillə təmin olunaraq köçürülüb.

Azərbaycanın Milli Qəhrəmanı Tahir Bağırovun ailəsinin Yeni Suraxanı qəsəbəsində yaşadığı fərdi yaşayış evi Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə yenidən qurulub, həyəti abadlaşdırılıb.

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev, rayonun müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış edib.

Sonda Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub, rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal iştirak edən bir qrup şəxs rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib, rayon İcra Hakimiyyətində könüllü kimi fəaləyyət göstərmiş gənclərə Şəhadətnamə təqdim olunub.