Suraxanı rayonunda məzunlarla görüş keçirildi - Fotolar

suraxani-rayonunda-mezunlarla-gorus-kecirildi
Oxunma sayı: 1682

Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmaq imkanı əldə etmiş rayon məktəblərinin məzunları ilə karantin rejiminin şərtlərinə əməl etməklə görüş keçirilib.

“Qafqazinfo”nun xəbərinə görə, Suraxanı Rayon Heydər Əliyev Parkında keçirilən görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, koronavirus pandemiyasına baxmayaraq, yeni dərs ili ərəfəsində Prezident İlham Əliyevin respublikamızın bir neçə təhsil ocağının əsaslı təmirdən sonra, eləcə də Əmircan qəsəbəsində yerləşən Albert Aqarunov adına 154 nömrəli məktəbin yeni binasında yaradılan şəraitlə tanış olması, tövsiyələrini verməsi, dövlət başçısının təhsilə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.

Əziz Əzizov qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq, bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

2019-2020-ci tədris ilində 1905 nəfər məzun olub. Onlardan 70 nəfəri 600-dən yuxarı, o cümlədən 25 nəfəri 650-dən yuxarı bal toplayıb. 52 məzun məktəbi fərqlənmə attestatı ilə bitirib. Abil Səfərov adına 114 №-li tam orta məktəbin məzunu Əliyev Həsənbala Fuad oğlu 691,2 bal toplayaraq rayon üzrə 1-ci yer, Respublika üzrə isə II mərhələdə maksimum 400 bal toplayan 5 nəfər məzundan biri olub.

Məzunlara Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının qiymətli hədiyyələri təqdim edilib.