Suraxanıda Anarla görüş keçirildi - Fotolar

suraxanida-anarla-gorus-kecirildi
Oxunma sayı: 2162

Avqustun 10-da Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, dramaturq, şair, ssenarist Anarla görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri açıq elan edən Günay Firudinqızı belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb.

Sonra yazıçının ötən illərinə, fəal yaradıcılığına nəzər salınıb. Anar yaradıcılığında qəhrəmanlarının daxili aləminin, hiss və həyəcanlarının, sevinc və kədərinin, arzu-istəklərinin ortaya qoyulması, ədəbiyyatımızda Anar imzasının, Anar möhrünün xüsusi yeri, mövqeyi olduğunu, yazı mədəniyyəti, dil-üslub keyfiyyəti, sənətkarlıq xüsusiyyətlərinin əsərlərində yüksək səviyyədə olmasından ətraflı bəhs edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək, qonaqları salamlayıb, yazıçının yaradıcılığının müxtəlif məqamlarından söz açıblar. Onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğulayıblar.

Tədbir zamanı yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Yazıçı Anar isə öz növbəsində tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.

Xoş əhvali-ruhiyyə ilə keçən görüşün sonunda xatirə şəkilləri çəkilib.