Suraxanıda bayram münasibətilə şəhid ailələri ziyarət edildi - Fotolar

Suraxanıda bayram münasibətilə şəhid ailələri ziyarət edildi
Oxunma sayı: 1523

Mayın 13-ü və 14-də Ramazan bayramı münasibətilə şəhid ailələrinə mənəvi dəstək məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri Suraxanı rayonu, Əmircan, Bülbülə, Yeni Suraxanı, Qaraçuxur, Hövsan, Zığ qəsəbələrində 51 Şəhid ailəsini, eləcə də, Vətən müharibəsində itkin düşmüş hesab olunan hərbi qulluqçumuzun ailəsini ziyarət edib, ailələrə bayram sovqatları paylanıb.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, hər bir ailənin qayğıları ilə şəxsən maraqlanan Əziz Əzizov Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur.

Görüşlər zamanı Şəhidlərimizin döyüş yolundan söhbət açılaraq əziz xatirələri ehtiramla yad olunub, onların ruhuna dualar edilib.