Suraxanıda davamlı maarifləndirmə və dezinfeksiya işləri aparılır - Foto+Video

suraxanida-davamli-maariflendirme-ve-dezinfeksiya-isleri-aparilir
Oxunma sayı: 1265

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, qrupun üzvləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq rayonda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün sakinlər arasında davamlı maarifləndirmə işləri aparırlar.

Onlar rayonun bütün məhəllələrində sakinlərə özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edirlər.

Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında dezinfeksiya işləri hər gün həyata keçirilir.