Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Oyal” məktəb və ofis ləvazimatı mağazasının və Tamstore Marketlər şəbəkəsinin dəstəyi ilə yeni tədris ilinin başlanması münasibətilə şəhid və qazilərin məktəbli övladlarına, evdə təhsil alan, fiziki və əqli qüsurlu aztəminatlı rayon məktəblilərinə məktəb ləvazimatları, çantaları və formaları hədiyyə edilib.
“Qafqazinfo” xəbər verir ki, həssas əhali qrupu ilə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Adil Əliyev yeni tədris ilinin başlanması münasibətilə hər kəsi təbrik edib və bildirib ki, Suraxanı rayonunda 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artmaqdadır. Təşkil olunan tədbirin məqsədinin də şagirdləri təhsilə həvəsləndirmək, ölkəmizin sağlam və etibarlı gələcəyi naminə faydalı, təhsilli gənclər yetişdirmək olduğunu diqqətə çatdıran A.Əliyev məktəblilərə sağlam və vətənpərvərlik ruhunda böyüməyi, biliklərə yiyələnməyi tövsiyə edib, təhsildə uğurlar arzulayıb.
Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərməyin, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməyin hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran RİH başçısı qeyd edib ki, şəhidlərin geridə qoyduğu əmanətlər bizim məsuliyyətimizə, öhdəliyimizə çevrilməlidir.
Tədbirdə UAFA (Azərbaycana Birgə Yardım) təşkilatının İcma əsaslı Reabilitasiya Mərkəzinin məktəbli üzvləri tərəfindən müxtəlif rəsm və əl işləri sərgilənib.
Tədbir Gülarə Əliyeva adına 3 saylı uşaq incəsənət məktəbinin “Şənlik” rəqs qrupunun, şən klounların, animatorların təqdimatında şar və köpük şou proqramı ilə davam edib.