Suraxanıda sakinlərlə görüş keçirildi - Fotolar

suraxanida-sakinlerle-gorus-kecirildi
Oxunma sayı: 1148

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə keçirib. “Qafqazinfo” xəbər verir ki, 316 №-li tam orta məktəbdə 80 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirib: “Azərbaycan bu gün çoxəsrlik tarixinin ən şanlı və ən qüdrətli dövrünü yaşayır. O, işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümüdür”.

Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib, səsləndirilən problemlərin araşdırılaraq həlli üçün tapşırıqlar verilib.

Bundan sonra 327 saylı tam orta məktəbdə “Erkən nikah və fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova, komissiyanın üzvləri, rayonun təhsil müəsissələrinin rəhbərləri, psixoloqları, şagirdləri və valideynlər iştirak ediblər.

Tədbir erkən nikahların acı həqiqətləri, uşaq hüquqları, təhsildən yayınma ilə bağlı videoçarxların nümayişi və məktəbin şagirdlərinin təqdimatında hazırlanmış bədii hissə ilə davam edib.