Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar

suraxanida-sehid-dogum-gununde-anildi
Oxunma sayı: 1291

Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri şəhid Cabarzadə Cavid Qorxmaz oğlunun 25 yaşı tamam olacaqdı.

“Qafqazinfo” xəbər verir ki, avqustun 10-da, şəhidin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, YAP Suraxanı rayon təşkilatının sədr müavini, şəhid ailələri və digər rəsmilər 1997-ci ilin avqustun 10-u dünyaya göz açan Cavid Cabarzadənin dəfn olunduğu II Fəxri xiyabanda məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, eləcə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəhidin xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.

II Fəxri xiyabanda dövlət himnimizin səsləndirilməsi və bütün şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbirində RİH başçısı Əziz Əzizov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik Vətən həsrətimizə son qoyan, Qarabağımızda bayrağımızı qaldıran rəşadətli ordumuzun qəhrəman əsgər və zabitləri ilə qurur duyur, şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam edən tədbirdə şəhidin valideynləri, döyüş yoldaşları da çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, 2016-cı ilin Aprel Döyüşlərində Lələtəpənin alınması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş Cavid Cabarzadə torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü yollanaraq Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və Xocavənd döyüşləri zamanı şəhid olub.