Suraxanıda şəhidin dəfn mərasimi keçirildi - Fotolar

suraxanida-sehidin-defn-merasimi-kecirildi
Oxunma sayı: 2974

Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidimiz 19.04.1959-cu il təvəllüdlü İbrahimov Camaləddin İbad oğlu torpağa tapşırılıb. 

“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, şəhid ailələri, qazilər, hərbçilər iştirak ediblər.

Şəhid Camaləddin İbrahimov ilə Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsindəki ailə üzvlərinin yaşadığı ünvanda vida mərasimi keçirildikdən sonra nəşi Əmircan qəsəbəsi Şəhidlər xiyabanında yaylım atəşi və orkestrin ifasında Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklil qoyulub.

Adil Əliyev tabut üzərindəki üçrəngli Dövlət Bayrağını şəhidin qardaşına təqdim edərək dərin hüznlə başsağlığı verib, səbr diləyib.

A.Əliyev və C.Cəbrayılov dövlət başçımızın rəhbərliyi ilə şanlı tarix yazan rəşadətli ordumuzun qüdrətindən danışaraq qeyd ediblər ki, torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimizin ruhu bu gün şaddır, onların qanı yerdə qalmayıb. Belə vətənpərvər oğullarımız gözlərini qırpmadan düşmənlə ölüm-dirim savaşına atılaraq canlarını sipər ediblər. Belə igidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Qeyd edək ki, Camaləddin İbrahimov 1994-cü ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.