Suraxanıda şəhidin doğum günü qeyd olundu - Fotolar

suraxanida-sehidin-dogum-gunu-qeyd-olundu
Oxunma sayı: 942

Şəhid Qasımlı Muxtar Əli oğlunun doğum günü münasibətilə məzunu olduğu Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül xanım Axundova, RİHBA-nın şöbə müdirləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin əməkdaşları, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, Şəhidin doğmaları və yaxınları iştirak ediblər.

Tədbirdə erkən yaşlarından idmanla məşğul olaraq böyük nailiyyətlər qazanan, həmçinin 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülən Şəhid Muxtar Qasımlının döyüş yolundan danışılmış, əziz xatirəsi ehtiramla yad edilib.

Məktəblilərin ifasında təqdim olunan bədii hissə yekunlaşdıqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi olduğunu qeyd etdi. O, düşmən təxribatları başlayan ilk günlərdən etibarən heç bir tərəddüd etmədən cəbhəyə yollanmış və qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəklilərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşmuş Muxtar Qasımlı kimi vətənpərvər gənclərimizin canı-qanı bahasına qazandığımız Böyük Qələbədən bəhs edib. 

Tədbirdən sonra Şəhidin Qala qəsəbəsində yerləşən məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar edilib.