Suraxanıda şəhidin xatirəsinə bulaq-abidə kompleksi inşa edildi - Fotolar

suraxanida-sehidin-xatiresine-bulaq-abide-kompleksi-insa-edildi
Oxunma sayı: 1024

Oktyabrın 24-ü torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Babayev Fərhad Məhərrəm oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.

“Qafqazinfo” xəbər verir ki, anım günündə şəhid Fərhad Babayevin adının əbədiləşdirilməsi məqsədilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində onun xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları - Afət Həsənova və Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, şəhid ailələri və qazilər, şəhidin doğmaları və yaxınları iştirak edib.

Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq salnaməsinin olduğunu qeyd edib. O, bildirib ki, düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Fərhad Babayevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Həmçinin, tədbirdə şəhidimiz Fərhad Babayevin məzun olduğu 278 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, şəhid Fərhad Babayev ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.