Suraxanıda Vətən müharibəsi şəhidləri anıldı - Fotolar

suraxanida-veten-muharibesi-sehidleri-anildi
Oxunma sayı: 1909

27 sentyabr - Anım günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilərək ehsan süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının,rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri ,şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Şəhid ailələrinə dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyib:

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və bu müqəddəs yolda canlarını fəda etmiş əsgər və zabitlərimizin intiqamı döyüş meydanında alındı. Şəhidlik adı ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Ölümü ilə ölümsüzlük qazanan əbədi vətən oğullarımız cəsarətin özü, qəhrəmanlığın ən yüksək nümunəsi, ən ali göstəricisi, xalqımızın inamı oldular. Onlar daim xalqımızın qəlbində əbədi yaşayacaqlar”.

Həmçinin, çıxış edən digər mərasim iştirakçıları bizə qələbə müjdəsini yaşadan qəhrəman oğullarımıza Allahdan rəhmət diləyərək, onların ailələrinə başsağlığı veriblər.