Fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları öncə Xocalı faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.
Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamının ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Ulu Öndər, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verildiyini qeyd edib.
Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbər Əməkdar artist İntiqam Soltan çıxış edərək quruluş verdiyi Azərbaycanın himninə və bayrağına həsr olunmuş “Vətən” tamaşası barədə məlumat verdikdən sonra tamaşa nümayiş olunub.
Tədbirin sonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən inşa-yazı müsabiqəsində 1-ci yeri qazanan Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika Gimnaziyasının şagirdi Fidan Babayevaya RİH başçısı tərəfindən Fəxri Fərman və “Bizim böyük Qələbəmiz” adlı kitab təqdim olunub.
Tədbirin sonunda rayonda məskunlaşmış Xocalı ailələrinə ərzaq yardımı göstərilib.







Son xəbərlər
Son Xəbərlər