Oktyabrın 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr – Zəfər günü” ərəfəsində “Zəfər yolunda bizimlə bir addım öndə ol” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsinə dəstək olmaq, zərərli vərdişlərdən çəkindirmək, asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onlarda özünəinam və özünüdərk hissini aşılamaq, milli düşüncə ruhunu təbliğ etmək, eləcə də xüsusi istedada malik uşaqların və gənclərin yaradıcılıq potensialını, qabiliyyətlərini dəstəkləmək və inkişaf etdirməkdir.
Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon Polis İdarəsinin məsul nümayəndələri, ümumtəhsil müəssisələrinin direktorları və müəllim heyyəti, şagirdlər və valideynlər iştirak ediblər.
İlk öncə rayon məktəblilərinin təqdimatında “Qarabağ – Zəfər guşəsi” adlı sərgiyə baxış keçirilib. Sərgidə Qarabağımızın milli geyimləri, musiqisi, mətbəxi, xalçaları və digər nümunələr nümayiş olunub.
Daha sonra Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə 44 günlük Vətən Müharibəsində qazanılmış Şanlı Qələbəmizə həsr olunan video-çarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Qazandığımız haqq savaşı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.
Tədbirdə müxtəlif sahələr üzrə xüsusi istedadı ilə seçilən yeniyetmələrin və gənclərin çıxışları nümayiş olunub.
Sonda RİH başçısının müavini Könül Axundova çıxışçılara Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanını və hədiyyələrini təqdim edib.