Suriyadan 6 vətəndaşımız Azərbaycana gətirildi

suriyadan-6-vetendasimiz-azerbaycana-getirildi
Oxunma sayı: 1929

İyunun 4-də Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə “Qafqazinfo”ya XİN-dən bildirilib.

Məlumata görə, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycannın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız təyyarə bileti və Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib.

İyunun 4-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.