Sürücülər üçün təkcə qiymətimiz dəyişib

suruculer-ucun-tekce-qiymetimiz-deyisib
Oxunma sayı: 3923

Nərmin Dadaşova

İldə bir dəfə avtobus müsibətləri ilə bağlı yazı yazmağı vicdan məsələsinə çevirmişik artıq. Sonuncu dəfə məlum mövzu haqqında yazanda sürücülərin insanlarla insan kimi yox, “20 qəpik” kimi davrandıqlarından məyusluğumu ifadə etmişdim. Həmin yazıdan aylar sonra dünən, yenə günümüzə eyni motivli dəhşətli bir xəbərlə başladıq. Binə qəsəbəsində 160 nömrəli avtobusun qatarla toqquşması nəticəsində biri şagird olmaqla 2 nəfərin ödüyü, 42 nəfərin yaralandığı yol nəqliyyat hadisəsi baş verib. Bu həmin 160 nömrəli avtobusdur ki, mətbuatda öz gündəmləri ilə mənim imzamdan daha çox məhşurlaşa bilib. Binə istiqamətində hərəkət edən tək-tük avtobuslardan biri olduğu üçün, o ərazidə yaşayanların “ölüm-dirim” mübarizəsi, “getdi var, döndü yoxdur” savaşı, “ölsəm bağışla” ədəbiyyatı da hesab etmək olar onu.  

Qəza bəzən qaçınılmazdır. Qəza bəzən idarəolunmazdır. Qəza bəzən qədərdir. Qəza bəzən elə qəzadır. Amma nə böyük əfsus ki, bəzən də qəza məsuliyyətsizlikdir, ac gözlükdür, şərəfsizlikdir, vicdansızlıqdır, kiminsə kimisə olmaqdır, kiməsə arxalanmaqdır, umursamazlıqdır, “mənim cibim dolu olsun, sənin canın cəhənnəmə” dəhşətidir. Hə, oxucu dost, bu sonuncu faciə, bir balaca canın sonu olmuş o dəhşətli qəza nə yazıq ki, sonuncu sadaladıqlarımdandır... 

Qəzadan dərhal sonra araşdırmalar başladı. Və məlum oldu ki, bunca adamı pərişan edən sürücü Əlixan Şıxəliyev ölümlə nəticələnən yol qəzası törətdiyi üçün bundan əvvəl məhkum olunub. Hətta, onun narkotik aludəçisi olması ilə bağlı rəy də verilib. Sonra o da məlum oldu ki, marşrut xəttinin sahibi olan “Ayşən LTD”yə məxsus olan avtobusların ilk performansları deyilmiş bu. Bundan başqa “Ayşən LTD” MMC haqda vergidən yayınma, qiymət artımından sonra sürücülərdən yüksək məbləğdə plan tələb etmə, avtobus sürücülərinin sərnişinlərlə kobud rəftarı və ciddi qayda pozuntuları ilə bağlı mətbuatda kifayət qədər şikayət yazılarına rast gəlmək olur. Sonra bir də o məlum oldu ki, adı çəkilən MMC sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumu olan İrada Əliyevaya məxsusdur. Gözəl məmləkətim mənim, yazıq məmləkətim...

Səhər erkən saatlardan gecəyə qədər fasiləsiz sükan arxasında oturmaq, istidə-soyuqda çətin şərtlərlə, salxaq-sökük avtobusları idarə etmək çətindir, bilirəm. Bir də ortada ödəniləcək plan varsa, qoyulmuş vaxt limiti varsa, çoxlu “rəqib”lər varsa, iş daha da zorlaşır. Amma bu o demək deyil ki, qarşınıza çıxan, əlinizə keçən, gözünüzə görünən, əsəblərindən, psixoloji durumundan, sağlamlığından, keçmişindən əmin olmadıqlarınızın əlinə o sükanı verib yüzlərlə insanın həyatını təhlükəyə atasız, hörmətli cavabdehlər. 

Belə qəzalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dəyişən yeganə şey, artıq bizim sürücülər üçün iyirmi yox, otuz qəpik olmağımızdır, vəssalam.  Sizin cibinizin bizim bu məyus canımızdan daha dəyərli olduğu müddətdə hələ nə canlar verəcəyik, hələ nə ağrılar çəkəcəyik, kim bilir.