Sürücülərin diqqətinə

suruculerin-diqqetine
Oxunma sayı: 661

“Media forum” saytının məlumatına görə, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 85-ci maddəsinə bir əlavə edilib. Əlavədə inzibati xəta törətmiş şəxsə cəriməni müvafiq icra hakimiyyəti orqanının əməkdaşında olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə plastik kart vasitəsilə ödəmək imkanı verilir. Qəbul edilən qərar və təyin olunan cərimənin məbləği isə protokolda göstərilir.

Başqa bir düzəlişə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi gündən 30 iş günü müddətində inzibati xəta törətmiş şəxs cərimə bildirişi üzrə məbləği banka ödəməlidir. Barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərar qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi miqdarında ödənişdən azad edilir. Bu müddətdə (30 iş günü ərzində) cəriməni qanuni əsas olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi həcmində dəbbə pulu tətbiq ediləcək. Cərimə 2 ay ödənmədikdə isə həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edəcək. Cərimə, dəbbə pulu və nəqliyyat vasitəsinin duracağa gətirilməsinə, orada saxlanmasına görə haqq ödəndikdən dərhal sonra nəqliyyat vasitəsi inzibati xəta törətmiş şəxsə və ya sahibinə qaytarılmalıdır.

Cərimə 3 ay ərzində ödənmədikdə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına dair qərar qəbul ediləcək və cərimənin ödənməsini təmin etmək məqsədilə məcburi icraya yönəldiləcək. Bunu təmin etmək üçün Milli Məclis İnzibati Xətalar Məcəlləsinə də dəyişikliyi qəbul edib. Həmin dəyişiklikdə cəriməni 3 ay ərzində ödəməyən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması, yəni bu müddətdə onun nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin əlindən alınması nəzərdə tutulur.