Şuşa regionun paytaxt şəhərlərini geridə qoyur

susa-regionun-paytaxt-seherlerini-geride-qoyur
Oxunma sayı: 4183

Azərbaycanın tarixi şəhərləri arasında istər işğal altında olduğu dövrdə, istərsə də ondan əvvəl və sonra Şuşa, haqqında ən çox danışılan, yazılan və sevilən şəhərdir. Hətta həyatında bir dəfə ora ayaq basmayanlar da Şuşaya qarşı mənəvi bağlılıq hiss edirlər. İllərdir ki, hər bir azərbaycanlının Şuşa ilə bağlı ən azı bir arzusu olub - doğum gününü, övladının toyunu, dostlarla hansısa şad günü işğaldan azad olunan Şuşada, Cıdır düzündə keçirsin. Şuşanı, o müqəddəs torpaqları ziyarət edib sonra ölməyi niyyət edənlər də var.

Qarabağın incisi sayılan alınmaz qala Şuşa Vətən müharibəsində tarixi zəfərin əldə edilməsində həlledici məqam oldu. Müharibə zamanı Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq olar” deməsi Şuşanın mənəvi dəyərindən əlavə, həm də onun strateji əhəmiyyətindən xəbər verirdi.

Elə bu baxımdan, işğaldan azad edilmiş qədim Şuşanın ilyarım ərzində bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil. Şuşa mühüm beynəlxalq tədbirlərə görə regionun paytaxt şəhərlərini də az qala geridə qoyur.

Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni öz əvvəlki əzəmətini və rolunu geri qaytarır.

Şuşa şəhəri işğaldan azad edildikdən sonra, 2021-ci il mayın 12-də ilk dəfə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına qucaq açıb. Vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə məhz xarıbülbülün vətənindən başlayan və gözəl bir mədəniyyət ənənəsinə çevrilən “Xarıbülbül” festivalının bərpası və davam etdirilməsi təşəbbüsü Prezident İlham Əliyevin Şuşanın tarixinə, onun ənənələrinə verdiyi dəyərin parlaq ifadəsi kimi qiymətləndirilə bilər. “Xarıbülbül” festivalının məhz Şuşada keçirilməsi bir daha onu göstərir ki, torpaqların əsl sahibləri artıq bu torpaqlara qayıdıb və bundan sonra da bu ərazilərdə əbədi olaraq yaşayacaqlar. Əvvəllər xarıbülbül dedikdə daha çox niskil, qəriblik ifadə olunurdusa, artıq xarıbülbül qələbə simvolu sayılır. Bu nişanı hər bir azərbaycanlı qürurla öz sinəsində gəzdirir.

Çox böyük tarixi və mədəni hadisə sayılan “Xarıbülbül” Festivalından sonra 28 May – Respublika Gününün, Şuşa Bəyannaməsinin imzalanma tədbirinin, Vaqif Poeziya Günlərinin, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının, Dünya Azərbaycanlılarının V Qurultayının, Birinci Beynəlxalq Kulinariya Festivalının və digər tədbirlərin, o cümlədən, simpozium və sərgilərin keçirilməsi Şuşanın həm siyasi, həm tarixi, həm də ədəbi əhəmiyyətini nümayiş etdirir.

2021-ci il avqustun 30-da Şuşada Vaqif Poeziya Günləri keçirildi. 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşanın işğaldan azad edilməsindən sonra ilk dəfə idi ki, doğma torpaqda təşkil olunurdu. Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilər açılıb.

Artıq bu Azərbaycan şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəylinin heykəli yenidən qoyulub. Bülbülün ev-muzeyi açılıb, Mehmandarovların və digər şəxsiyyətlərin yaşadıqları evlərdə bərpa işlərinə başlanılıb.

Şuşada keçirilən bütün abadlıq layihələri və tarixi abidələrin bərpası Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın birbaşa göstərişi və nəzarəti ilə həyata keçirilib. Bütün görülən işlərin nəticəsidir ki, bu ilin martında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

Bu il aprelin 22-23-də Şuşada, “Şuşa ili”ndə Zəfər Qurultayının keçirilməsi heç də təsadüfi deyildi. 44 günlük müharibə həm də dünya azərbaycanlılarının birliyini, həmrəyliyini göstərdi. Prezident İlham Əliyev qurultayın açılışındakı çıxışında bildirdi ki, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini onlara çatdırmalıdırlar.
Beləliklə, Şuşa öz tarixi və mənəvi əhəmiyyəti ilə Zəfər Qurultayında iştirak edən hər bir diaspor nümayəndəsi üçün yeni bir mərhələnin başlanğıcını qoydu.

İndiyə qədər Şuşaya Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçılarının, VIII Qlobal Bakı Forumunun iştirakçılarının, ölkədəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin, xarici media təmsilçilərinin, xarici səyyahların, digər dövlətlərin rəsmilərinin və digər qonaqların səfərləri təşkil olunub.

Prezident İlham Əliyevin dediyi ki, Şuşa nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Bütün bu mədəni tədbirlər azərbaycanlıların öz doğma yurdlarına, ocaqlarına qayıdışıdır. Bu, o deməkdir ki, yenə də Şuşadan Xanın səsi ucalacaq, yenə də Cıdır düzündə yallı gedəcəyik. Bundan sonra da Şuşa Azərbaycan musiqisinin beşiyi olacaq, ulu babalarımızın ruhu yenə bu torpaqlarda azad dolaşacaq.

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “İşğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış”” mövzusu üzrə dərc olunub.