Şuşidə eşşək yarışı -

suside-essek-yarisi-
Oxunma sayı: 1392


Yəqin sizin də xəbəriniz var. Mən də Dağlıq Qarabağdan olan jurnalist, yaxşı tanıdığım Alvard Qriqoryanın Facebook səhifəsindən öyrəndim. Şuşidə uzunqulaq, daha dəqiqi, eşşək yarışı keçirilib. 

Alvard Qriqoryan obyektiv jurnalistdir. Onun xəbərinə inanmaq olar. O öz Facebook səhifəsində bununla bağlı fotolar və video paylaşıb. Videonun başlığı isə belədir: “Oслинные бега в Джыдрдуз Шуши”.

Mən orijinallığı saxlamaq xatirinə başlığı rus dilində təqdim elədim. Bəli, bəli, yanılmamısınız. Yarış Cıdır düzündə keçirilib. 

Beləliklə, ermənilər Cıdır düzündə eşşək yarışı keçirib. Şuşidə. Şuşidə ha...

Mən ömrümün tən yarısını Qarabağda yaşamışam. Amma nə Şuşada, nə də Qarabağın digər bölgələrində eşşək yarışı keçirildiyini görməmişdim. Amma Alvard Qriqoryanın verdiyi xəbərə görə, ermənilər Şuşidə eşşək yarışı keçirib. Bir daha təkrar edirəm. Alvard Qriqoryana inanmaq olar...

Bineyi qədimdən Şuşada, Cıdır düzündə at yarışları keçirilərdi. Qarabağ atlarının yarışı. Məhz buna görə də həmin məkan Cıdır düzü adlanırdı. Yəni at yarışları keçirilən məkan. 

Yeri gəlmişkən. Bundan əvvəl elə həmin Şuşidə, Cıdır düzündə rus milyarder German Sterliqovun arvadı Alyona Sterliqova moda sərgisi keçirmişdi. 

Bir vaxtlar Şuşada Mahnı Bayramları keçirilərdi. Azərbaycan musiqisinin şah əsərləri səslənərdi Şuşanın Cıdır düzündə. 

İndi isə Şuşinin Cıdır düzündə hansısa bir harın rusun arvadı moda nümayişi keçirir. 

Əslində moda nümayişi qəbahətli bir iş deyil. Mədəni tədbirdi. Amma bu mədəni tədbiri mədəniyyət çərçivəsində keçirərlər. Şuşinin Cıdır düzündə isə pullu bir rusun arvadı sadəcə elə rusun öz sözü ilə desək, meşşanlıq edib.

Düzünü bilmək istəsəniz, eşşək də pis heyvan deyil. Onun da yarışını keçirmək olar. 

Həm də eşşək bir çoxundan fərqli olaraq yerini biləndi. Sadəcə yerini bilməyənin əlinə düşüb.

Eşşək də yaxşı bilir ki, Cıdır düzü onun yeri deyil. Amma onun qandığına kimdi fikir verən... 

Axı neynəsinlər ki, cilov qanmaz əlindədir. Əslində elə eşşəkləri minənlərin də cilovu qanmaz əlindədi... 

Belə...

Şuşada Cıdır düzündə Qarabağ atları yarışardı, Mahnı Bayramı keçirilərdi. Şuşada ha.

Şuşidə Cıdır düzündə, eşşək yarışı keçirilir. Şuşidə...

“Qafqazinfo”