“Suvarma sistemlərində su itkiləri 50 %-dən çoxdur”

suvarma-sistemlerinde-su-itkileri-50-den-coxdur
Oxunma sayı: 1150

“Ötən il bizim içməli su itkilərimiz 39 % olub”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə keçirilən dinləmədə bildirib.

O, suvarma sistemlərində su itkilərinin 50 %-dən çox olduğunu deyib:

“Son dörd ildə içməli su itkisini 44 %-dən 39 %-ə endirmişik. Amma 39 % qürur duyacaq bir rəqəm deyil. İçməli su sistemləri üzrə dünyada ideal rəqəm 10 %-in altındadır. Önümüzdəki 10 ildə içməli su itkilərimizi 20 %-ə salaraq 2050-ci ilə qədər də 10 %-dən aşağıya endirməyi hədəfləyirik. Qonşu Türkiyədə suvarma sistemlərində itki 65 %, içməli suda 30 %-dir. Əslində bizim 35 milyard su balansımız bizə yetərlidir. Biz sadəcə itkiləri azaltsaq və suyun səmərisiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burda şüur, təhsil, maarifləndirmə dəyişilməlidir”.

“Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihələri ilə bağlı 14 xarici özəl şirkət fəaliyyətə cəlb edilib. Prezidentin müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlandı. 10 gün əvvəl elan verildi. Artıq həmin xarici şirkətlər duzsuzlaşma prosesində iştirak etmək üçün müraciət edib və fəaliyyətə başlayıb”, -deyə Z.Mikayılov əlavə edib.

Zaur Mirzə