“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə “Nizami” Kino Mərkəzində mətbuat konfransı olub.
Mədəniyyət və Turizm Nazirliyinin kino sektorunun müdiri Yusif Şeyxov bildirib ki, Tacikistan kinosu günləri çərçivəsində birgə fəaliyyət barədə Memorandum imzalanıb. O, Tacikistan kinosu günlərindən danışıb, Tacikistan nümayəndə heyətinin üzvlərini - “Tacikfilm” kinostudiyasının direktoru, kinorejissor Nosir Saidovu, kinotənqidçi, fəlsəfə elmləri doktoru Sadullo Rahimovu, Tacikistanın Xalq Artisti Sayram İsayevanı, aktyor Əbdükərim Maşrabovu təqdim edib. Qonaqlar Azərbaycanla bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, ölkəmizin sürətli iqtisadi inkişafı, Bakının gözəlliyi, insanların qonaqpərvərliyi onlarda unudulmaz təəssürat oyadıb.
Bundan əvvəl də Azərbaycanda olan “Rüstəm və Zöhrab” filmində baş rolun ifaçısı Sayram İsayeva Bakının daha da gözəlləşdiyini bildirib, yaradıcılıq fəaliyyətindən söz açıb.
Nasir Saidov deyib ki, Tacikistan nümayəndə heyəti bir həftə ərzində Azərbaycan Respublikasının Dövlət Film Fondunda və “Azərbaycanfilm” kinostudiyasında olub, Bakıda və ölkənin regionlarında tamaşaçılarla görüşüb. Onlar Azərbaycan tamaşaçılarının mühakiməsinə beş bədii və beş sənədli film çıxarıblar.
N.Saidov bildirib ki, hər il Tacikistanda “Art-kino” festivalı keçirilir. Azərbaycan kinematoqrafçıları daim bu festivalda iştirak edirlər.
Sonda qonaqlar jurnalistlərin çoxsaylı suallarına cavab veriblər.
Kino günləri “Azərbaycan Respublikasının Hökuməti və Tacikistan Respublikasının Hökuməti arasında iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi sahəsində Tədbirlər Planı”na uyğun şəkildə keçirilib.
Son xəbərlər
Son Xəbərlər