Taekvondoçularımız Avropa çempionatının ilk günündə 2 medal qazandı - Fotolar

Taekvondoçularımız Avropa çempionatının ilk günündə 2 medal qazandı
Oxunma sayı: 793

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yığma üzvü Zəhra İsayeva (29 kq) mübarizəyə 1/4 finaldan başlayıb. İlk döyüşündə Elli Antoniounu (Kipr) məğlub edən taekvondoçumuz yarımfinalda Arijana İvanoviclə (Serbiya) üz-üzə gəlib. Bu dueldən də qalib ayrılan İsayeva finalda Efe Nazlı (Türkiyə) ilə qüvvəsini sınayıb. Təmsilçimiz uğurlu seriyasını davam etdirərək dayanqdan yenə qalib ayrılıb və çempion tituluna yiyələnib.

Xuraman Cavadzadə də yarışı medalla başa vurub. 37 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Lilo Gameli (Fransa), ardınca Eyla Makası (Bosniya və Herseqovina) məğlub edib. Cavadzadə yarımfinalda ermənistanlı Melanie Qrace Ayvazyana da gücünü göstərib. Rəqibinə heç bir şans verməyən taekvondoçumuz inamlı qələbə qazanıb. O, finalda isə Sofiya Hiniçlə (Xorvatiya) döyüşüb və rəqib üstün olduğundan gümüş medala layiq görülüb.

Beləliklə, yığmamız Avropa birinciliyinin ilk gününü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Qeyd edək ki, yarışa noyabrın 28-də yekun vurulacaq.