Talan edilmiş “qızıl şəhəri”miz...

talan-edilmis-qizil-seherimiz
Oxunma sayı: 4673

Məlum olduğu kimi, üçtərəfli bəyanata əsasən, bu gecə Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub.

“Qafqazinfo” rayonun azad edilməsinin strateji əhəmiyyəti, təbiəti, özəllikləri ilə bağlı bəzi məlumatları təqdim edir:

Kəlbəcər rayonu Ermənistanla sərhəd rayonudur. Rayon şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub.

Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724 m) və Dəlidağda (3616 m) yerləşir. 

Əhalisi 1 yanvar  2020-ci il tarixə olan məlumata əsasən, 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. 

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. 

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. 

Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Qəbirsitanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. 

Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. 

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə, meşəli uca dağ belində salınıb. Lex qalası XIII–XIV yüzilliklərin abidəsidir.

Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. 

Gəncəsər monastrı (məbədi) Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Vəngli kəndi uzun müddət Alban Xaçın Knyazlığının mərkəzi olub. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib. 

Xudavəng monastrı (məbəd kompleksi) da dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Xudavəng və ya Dədəvəng monastrı Azərbaycan ərazisində ən böyük və gözəl monastırlardan biridir. Artıq b.e. ilk əsrlərində burada kiçik kilsə yaranmış, onun yerində isə sonralar – ilk orta əsrlərdə monastırın ən qədim tikililərindən biri olan birnefli bazilika ucaldılıb. Arxeoloji tədqiqatlar göstərir ki, monastrın əsası VI-VII əsrlərdə qoyulub. 

Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılıb.
Kəlbəcərdə ümumilikdə 51 tarix-memarlıq abidəsi, 82 mədəniyyət evi və klub, 80 kitabxana, 1 musiqi məktəbi, 1 muzey fəaliyyət göstərib.

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb. Muzeyin fondu 25 mindən çox eksponat təşkil edib. Muzeyin həyətində qədim qəbirüstü qoç və at fiqurları nümayiş etdirilirdi. Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin fondu tamamilə məhv edilib.

Kəlbəcərdə bitən 4 min adda bitkinin təxminən 200-ü dərman bitkiləridir. Kəlbəcərdə 76 növ mineral, 36 süxur növü olduğu məlumdur. Buna görə də Kəlbəcər həm də geoloqlar tərəfindən “daş xəzinəsi” kimi qəbul edilir.

Kəlbəcərdəki geoloji (paleontoloji) obyektlərdəki yarğan və qobularda 40 metrədək hündürlüyü olan sütunvari vulkanik çıxışlar mövcuddur. Bunlar vulkanik süxurlar üçün xarakterikdir. İstisu kəndində “Bazaltın sütunvari aralanması” adlı geoloji abidə yerləşir.

Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.

Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. 


Kəlbəcər rayonu ərazisi zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur.

Kəlbəcərin Söyüdlü – Zod qızıl yatağı qədim tarixə malikdir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağara¬lar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni “qızıl şəhəri” adı ilə məşhur olub.

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu və Tutqun termal-mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort-sanatoriyalar və mineral sudoldurma zavodu tikilib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında hər il xeyli sayda insan müalicə olunur və istirahət edirdi.

Kəlbəcərin kənd təsərrüfatında isə heyvandarlıq əsas yer tutub. 1980-ci illərdə Kəlbəcərdə 130 min baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlanıb. Kəlbəcər həm də iri tütünçülük rayonlarından biri olub. 1980-ci illərin statistikasına görə, burada ildə 660 hektar sahədə tütün əkilib.

Kəlbəcər rayonunda böyük meşə əraziləri - 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. 

Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur.