Tale Heydərov Dünya Kuboku finalının açılışında- - Qəbələdə+Foto

tale-heyderov-dunya-kuboku-finalinin-acilisinda-
Oxunma sayı: 761


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan mərasimdə “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Hafiz Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan və baş katibi Frans Şrayber çıxış edib.

Tale Heydərov Avropa Oyunlarından sonra ən böyük yarış hesab olunan atıcılıq üzrə Dünya Kubokunun Qəbələdə keçirilməsini müsbət qiymətləndirib:

“Ümid edirəm ki, bu yarış Qəbələnin dünyada tanınmasına çox böyük töhfə verəcək”.

Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı, eləcə də rəsmi qonaq və nümayəndə iştirak edir. Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada keçirilib. 

Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən Dünya Kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri avqustun 8-dən 16-dək Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur.

Yarışlara avqustun 8-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparacaqlar. Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanacaq.

Çıxışlardan sonra Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan Dünya Kuboku yarışlarının rəsmi açılışını elan edib və federasiyanın himni səsləndirilib.

Tədbir konsert proqramı ilə davam etdirilib.

“Qafqazinfo”