Konsertdən əvvəl AAC-nin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Xocalı qətliamı gənc, müstəqil Azərbaycanın tarixində ən kədərli səhifədir: “Biz həlak olmuş insanların xatirəsini heç zaman unuda bilmərik”.
Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, suriyalı klarnet ustası Kinan Azmeh və “Solstiş Strinq” kvartetinin müşayiəti ilə “Xocalı 613” adlı möhtəşəm əsərin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunub. Konsert zamanı çıxış edən fransız bəstəkar Pyer Tilloy deyib: “Mən Azərbaycanın daimi ziyarətçilərindənəm və mənim qəlbimdə Azərbaycanın öz yeri var. Mən bu iki xalqın arasında barışığın olacağına inanıram və həlak olmuş insanların xatirəsini yad etmək üçün “Xocalı 613” adlı musiqi əsərini orkestr üçün bəstələmişəm. Bu əsərlə mən istədim ki, həmin dəhşətli gecədə həm cismani, həm də ruhu ilə əziyyət çəkmiş, hər şeyini, hətta ümidlərini belə itirmiş o qadın və kişilərin xatirəsini hərtərəfli yad edək. Biz bunu heç zaman unutmamalıyıq”.
Bu tədbir zamanı Fransa polisi yerli erməni diasporunun radikal üzvlərinin təhdidi altında işləməli olub. Paris kilsəsində fransız jandarmasının mühafizəsi altında Pier Tilloyun “Xocalı 613” əsəri ifa olunarkən vəziyyət xüsusilə kəskin olub.
AAC-nin direktoru Lionel Zetter öz çıxışında bildirib: “Biz bu əzəmətli tədbirin problemsiz baş tutmasını təmin etdikləri üçün Fransa hökumətinə və yerli polisə çox minnətdarıq. Onlar planlaşdırdıqları kimi kilsəni mühasirəyə almaq əvəzinə öz vərəqələrini yaxınlıqdakı metro stansiyalarında paylamağa məcbur qaldılar. Növbəti ilin fevralında Xocalı anım mərasimini yenidən Parisdə keçirəcəyik”.
Qeyd edək ki, AAC-nin yaradıcısı və rəhbəri Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.
teleqraf.com