“Taliban”dan qadınlarla bağlı yeni qərarlar

talibandan-qadinlarla-bagli-yeni-qerarlar
Oxunma sayı: 2187

“Taliban” qadınlar üçün nikah və miras məsələləri ilə bağlı yeni qərarlar elan edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Taliban”ın lideri Molla Hibetullah Axundzadə sərəncam verib.

Sərəncamda yetkinlik yaşına çatmış qızların ərə getməyə razılığının alınması lazım olduğu və heç kimin qadınları zorla ərə verə bilməyəcəyi bildirilib.

Molla Hibetullah Axundzadə bildirib ki, qadınlar öz həyat yoldaşlarını seçə və miras hüququndan istifadə edə bilərlər.

"Qadın mülk deyil. O, azad insandır. Heç kim onları sülh naminə başqasına verə bilməz", - qərarda bildirilib.

Qeyd edək ki, Əfqanıstanda bəzi qəbilələr aralarındakı qan davasına və ya düşmənçiliyə son qoymaq üçün ailədəki qadınlar vasitəsilə düşmən ailə ilə evlilik bağı qurulur.

Bundan başqa, ərin ölümündən sonra ərin qardaşı və ya digər qohumunun dul qadını zorla nikaha daxil edə bilməyəcəyi bildirilib. Qadının ərə getmək və öz gələcəyini təyin etmək üçün hüququ olduğu vurğulanıb.

Həmçinin, nikah təzminatı almaq üçün dul qadının razılığına buraxıldığı bildirilib.

Qadının vəfat etmiş ərindən, övladlarından, atasından və ya digər qohumlarından vərəsəlik hüququna malik olması və ya şərikli əmlaka sahib olması vurğulanıb.

Çoxarvadlı kişilərdən arvadlarının hüquqlarını tanımaları və arvadları arasında ayrı-seçkilik etməmələri istənilib.

Qeyd edək ki, sərəncamda təhsil və işləmək hüququndan bəhs edilmir.

“Taliban”dan sonrakı Əfqanıstanda qadınların işləməsi, qızların isə məktəbə getməsi məhdudlaşdırılıb.

Beynəlxalq ictimaiyyət “Taliban”la diplomatik münasibətlərdə daha çox qadınların işləmək və təhsil hüququna qoyulan məhdudiyyətləri gündəmə gətirsə də, “Taliban” lideri Axundzadə öz sərəncamında bu məsələyə toxunmayıb.