Dövlətlərin idarəçilik tarixindən bizə çox yaxşı məlumdur ki, islahatçı liderlərin, ölkədə genişmiqyaslı dəyişikliklərin tərəfdarı olan dövlət rəhbərlərinin köhnə qvardiyanın kəskin müqaviməti ilə qarşılaşması labüddür. Bu da, mütləq şəkildə ölkədə digər sahələrlə yanaşı həm də, geniş kadr islahatlarının aparılmasını, yenilənməni heç bir vəchlə qəbul etməyən, köhnə qvardiya nümayəndələrinin zərərsizləşdirilməsi və innovativ düşüncə tərzinə malik olan yeni kadrlarla əvəz edilməsini zərurətə çevirir.
Ölkəmizdə bu proses, 2003-cü ildə keçirilən prezident seçkilərindən qısa müddət sonra, yəni 2005-ci ildə, Prezident İlham Əliyevlə dövlət, dövlətçilik və dövlət idarəetməsi ilə bağlı anlayışlara olan baxışlarında aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin mövcud olduğu iri ranqlı, konservativ düşüncəli məmurların vəzifədən kənarlaşdırılması ilə başladı. Məmur oliqarxiya təfəkküründə ilişib qalan həmin şəxsləri, nəinki hüquqi dövlət quruculuğu istiqamətində atılan addımları, demokratikləşməni, insan hüquq və azadlıqlarının bərqərar olunmasını özündə ehtiva edən islahatlar prosesi, hətta Qarabağ problemi də maraqlandırmırdı, əksinə bu cür ümummilli məsələlər onların amal və prinsipləri ilə ciddi təzad təşkil edirdi. Təbii ki, həmin qüvvələrlə mübarizə və onların zərərsizləşdirilməsi özü-özlüyündə ölkədə aparılan genişmiqyaslı islahatlar prosesinin ayrılmaz tərkib hissəsi olsa da, dövlətin gücünün həmin istiqamətdə sərf olunması, ümummilli maraqları özündə ehtiva edən daha vacib proseslərin sürətlənməsinə mənfi təsir göstərməmiş deyildi. Daxili təhlükəsizliyin tam və əminliklə təmin olunması ilə bağlı dövlət diqqətinin böyük bir hissəsinin ayrılması tam məntiqi olaraq xarici məsələlərdə əhəmiyyətli proseslərin uzanmasını labüd edirdi. Bütün böyük işlərin və iri miqyaslı planların mərhələli şəkildə həyata keçirilməsi prinsipi digər sahələrdə olduğu kimi, ölkə üzrə kadr islahatları prosesində də rəhbər tutulmuş və uğurla həyata keçirilmişdir. Ayrı-ayrı sahələrdə kadr islahatlarının reallaşdırılması ərəfəsində dövlət başçısı özünün çıxışlarında zaman-zaman xəbərdarlıq xarakterli mesajlarını vermiş və kimliyindən asılı olmayaraq hər bir məmurun yalnız xalqa və dövlətə xidmət etməli olduğunu sadə şəkildə ifadə etmişdir. Təbii ki, dövlətin ən ali vəzifəli şəxsi tərəfindən ictimaiyyətə açıq şəkildə bu cür fikirlərin səsləndirilməsindən nəticə çıxaranlar olsa da, çox təəssüflər olsun ki, şəxsi maraqlarına və tamahlarına yenilən məmurlarımız da çox olub ki, aqibətləri hər birimizə məlumdur. Qanunsuz fəaliyyət növlərini seçməklə aqibətlərini dəmirbarmaqlıqlar arasına daşıyanların nümunəsindən dərs almayanlar, ölkədə keçirilən həbslər dalğasının səngiməsindən ruhlanmasınlar, əksinə bu fürsətdən istifadə edib dövlətə xidmət etmək yolunu tutsunlar.
Sadaladığımız kadr islahatlarının növbəti və ən böyük dalğası sonuncu prezident seçkilərindən sonra başladı. Bu il keçirilən parlament seçkilərini və onun nəticələrini də böyük miqyasda kadr islahatlarının tərkib hissəsi hesab etmək olar. Ölkənin qanunvericilik və icra hakimiyyətlərini xırda istisnalarla, tam şəkildə əhatə edən kadr islahatları demək olar ki, dövlət idarəçiliyini oliqarx-məmur anlayışından tam şəkildə təmizlənmişdir. Artıq ölkədə, dövlət idarəçiliyi sahəsində kadr bazasının formalaşdırılması prosesində “qohumluq, yerlibazlıq, regionçuluq” anlayışları deyil, savad, peşəkarlıq, bacarıq və dövlətə xidmət anlayışları rəhbər tutulur. Bunu son dövrlər ölkəmizdə Prezident Administrasiyasının kadr korpusunun formalaşmasından, Birinci vitse-prezidentə köməkçilərin təyinatından, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan kadr dəyişikliklərindən və Milli Məclisin tərkibinin formalaşmasında iştirak edən hakim partiyanın üzvlərinin sıralarından da aydın şəkildə sezmək mümkündür. Təbii ki, bu proses böyük miqyasda həyata keçirilsə də, hələ davam etməkdədir və ölkə üzrə bir neçə mühüm əhəmiyyətli sahələrin kadr korpusuna da şamil olunacağı istisna olunmur. Köhnə düşüncəli və şəxsi maraqlarını hər şeydən üstün tutanların həmişəki kimi bu prosesə müqaviməti olsa da, proses təbii olduğundan, cəmiyyətin istəyi ilə tam şəkildə uzlaşdığından və xalq tərəfindən ciddi şəkildə dəstəkləndiyindən göstərilən müqavimətlər heç bir nəticə verməyəcəkdir.
Düşünürəm ki, hazırki məqamda məsul vəzifələrə təyin olunmuş kadrlar savadlılıq, peşəkarlıq, bacarıqlılıq və dövlətə xidmət anlayışlarına simvolik deyil, fəaliyyətlərini dövlətimizin yürütdüyü siyasətə uyğunlaşdırmaqla ciddi yanaşmalıdırlar. Çox təəssüflər olsun ki, ölkəmizdə uzun illər ərzində dövlətimizin və dövlətçiliyimizin maraqlarına toxunan əhəmiyyətli məsələlərlə bağlı həmin sahəyə aid olan məsul şəxslərin sükuta qərq olaraq dövlət başçısının münasibətini və reaksiyasını gözləmələri ilə əlaqədar çox neqativ bir təcrübə formalaşmışdır ki, müəyyən məqamlarda bu gün də bunun şahidi oluruq. Bunlardan biri də, yaxın zamanlarda işğalçı Ermənistandan başqa, dünyanın heç bir dövləti tərəfindən qəbul edilməyən Qondarma Dağlıq Qarabağda keçirilən saxta seçkilərlə bağlı heç bir münasibət bildirməyən, Azərbaycandakı seçkilərlə bağlı isə, ağızdolusu bəyanatlar verməkdən yorulmayan Avropa Şurasının Parlament Assambleyasındakı Milli Məclisimizin nümayəndə heyətinin tərkibinə düşmək üçün yarışa girən deputatlarımız tərəfindən həmin qurumun mövqesizliyinə lazımi şəkildə münasibət sərgilənməməsi oldu. Ümid edək ki, gələcək fəaliyyətlərində ölkə üzrə qanunvericilik fəaliyyətini həyata keçirən Milli Məclisimizin üzvləri, həm də beynəlxalq arenada dövlətimizin və xalqımızın danışan dili funksiyasını layiqincə həyata keçirməklə digərlərinə də örnək olacaq və onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar.
Siyasi şərhçi Xəyal Bəşirov