“Tamaşaçı ilk dəfə yeni final görəcək” - Video

tamasaci-ilk-defe-yeni-final-gorecek
Oxunma sayı: 2449

Məlum olduğu kimi, fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunacaq. Tamaşa Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanır.

“Qafqazinfo” sözügedən tamaşanın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı məşqlərində iştirak edib, yaradıcı heyətlə söhbətləşib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov bildirib ki, Mərkəz “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin irsinin təbliği istiqamətində bir sıra çoxşaxəli layihələr planlaşdırır: “Ən əsas layihələrdən biri də “Heydər Əliyev və milli teatr sənəti” layihəsidir. Bu layihə çərçivəsində ulu öndər, ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi və böyük maraqla izlədiyi tamaşaların nümayişi nəzərdə tutulur. Heydər Əliyev hər zaman müsahibələrində “Ölülər” tamaşası ilə bağlı fikirlərini bildirib, pyesin bənzərsiz, tarixi, həddindən artıq fəlsəfi əsər olduğunu qeyd edib”.

Tamaşanın rejissoru Xalq artisti Azər Paşa Nemətov deyib ki, hazırda tamaşanın Heydər Əliyev Mərkəzinin səhnəsinə uyğunlaşdırılması prosesi aparılır: “O səhnə bizimkindən daha genişdir, daha böyükdür. Səhnələr fərqli olduğuna görə yeni dekorasiyalar hazırlayırıq”.

Nemətov əlavə edib ki, Heydər Əliyev Mərkəzində nümayiş olunacaq tamaşanın finalı başqa cür olacaq: “Tamaşaçı ilk dəfə yeni final görəcək. Mənə elə gəlir ki, o da çox maraqlı olacaq. Şəxsən mənim üçün çox maraqlıdır. Bu final yalnız Heydər Əliyev Mərkəzində olacaq. Bilirəm ki, tamaşaçılar səhnə əsərindən həzz alacaqlar”.

“Ölülər” tamaşasında əsas obrazlardan biri “Şeyx Nəsrullah”ın ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, Heydər Əliyev Mərkəzi çox gözəl təşəbbüs irəli sürüb: “Bizim üçün çox xoş oldu ki, Heydər Əliyev Mərkəzi məhz ulu öndərimizin sevdiyi tamaşanın həmin Mərkəzdə nümayişini təşkil edir. Çalışcağıq ki, fevralın 24-də teatrımızı Heydər Əliyev Mərkəzində layiqli şəkildə təmsil edək. Bütün tamaşaçılarımızı Heydər Əliyev Mərkəzinə dəvət edirik”.

“Ölülər”in “Kefli İsgəndər”i Əməkdar artist Anar Heybətovun sözlərinə görə, məşq prosesi artıq yekunlaşıb: “Bu gün Dram Teatrında sonuncu məşqimiz idi. Qənaətbəxş oldu. Səhnələrin ölçüləri fərqli olduğundan bəzi düzəlişlər etmişik. Tam hazır vəziyyətdədir. İnşallah fevralın 24-də Heydər Əliyev Mərkəzində bu tamaşanı göstərəcəyik”.

Tamaşada “Şeyx Əhməd” obrazına həyat verən Əməkdar artist Aslan Şirin “Ölülər” tamaşasının Heydər Əliyev Mərkəzində səhnəyə qoyulmasını böyük mədəniyyət hadisəsi adlandırıb: “Həm də çox sevindirici haldır ki, bu tamaşanın nümayişi ulu öndərimizin 100 illik yubileyinə təsadüf edir. Teatrımızda da gözəl ab-hava yaranıb, gözəl məşq prosesi gedir. Baş rollardan birinin mənə həvalə edilməsindən çox xoşbəxtəm. Heydər Əliyev Mərkəzində səhnəyə çıxacağım üçün həyəcan yaşayıram. Düşünürəm ki, fevralın 24-də biz böyük tamaşaçı kütləsi ilə qarşı-qarşıya qalacağıq, yaxşı mənada. Teatrsevərləri, ziyalıları Heydər Əliyev Mərkəzinə Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına Akademik Milli Dram Teatrının təqdimatında baxmağa dəvət edirəm”.

Qeyd edək ki, ikihissəli tamaşada, həmçinin Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.

Hüseyn Məmmədsalahov

Video-fotolar: Müzəffər İsmayılov