TANAP-la Avropa və Türkiyəyə 24 milyard kubmetrədək qaz ötürülüb

tanap-la-avropa-ve-turkiyeye-24-milyard-kubmetredek-qaz-oturulub
Oxunma sayı: 1466

“TANAP ilə 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, TANAP 2018-ci il iyunun 30-da başlayan kommersiya istismarı fəaliyyətində 3 ildən artıq bir dövrü uğurla başa vurub. Şirkət Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazı Türkiyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçərək Ədirnənin İpsala rayonunda Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırır.

Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli həlqəsi olan TANAP, Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırıb.

“Mütərəqqi texniki avadanlıqlara malik, keçdiyi marşrutda sosial-iqtisadi və mədəni sahələr də daxil olmaqla, hər bir sahədə dəyər yaradan, ən əsası isə iki qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında qırılmaz əlaqələrin rəmzi olan TANAP ilə, Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa bazarlara çıxır. Enerji sektorunda yeni imkanlar ortaya qoyan layihəmizlə ölkələrimizin bir çox sahələrdə inkişafına töhfə veririk. “Şahdəniz-2” yatağından səyahətinə başlayan təbii qaz koronavirus pandemiyasının yaratdığı şəraitdən təsirlənmədən 100% səmərəliliklə nəqlini davam etdirir. Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun (1850 km) və ən böyük diametrli (56” - red) təbii qaz boru kəməri olan TANAP-ın ilk gündən başlayaraq gələcəyə qədər uzanan uğurlarını izləməkdən qürur duyuruq”.

S. Düzyol bildirib ki, TANAP layihənin icrası zamanı yaratdığı yeni iş və məşğulluq imkanları ilə Türkiyə iqtisadiyyatına mühüm töhfələr verib. Layihədə, boru kəməri marşrutunun keçdiyi 20 şəhərdə investisiya dövründə təxminən 13 min nəfərə birbaşa və dolayı məşğulluq imkanları təmin edilib. Bundan əlavə, marşrut üzərində olan şəhər və rayonlarda bir çox sənaye və ticarət müəssisələri, xüsusilə kiçik və orta sahibkarlıq müəssisələri üçün yeni iş həcmi yaradılıb, həyata keçirilən sosial və ekoloji investisiya proqramları vasitəsilə yerli əhaliyə davamlı iqtisadi, sosial, ekoloji və mədəni faydalar təmin edilib. Bu çərçivədə 20 şəhər, 67 rayon və 600 kənddə dəqiqliklə müəyyən edilmiş 1.000-dən çox layihəyə maliyyə dəstəyi verilib.

Baş direktor əlavə edib ki, Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) çərçivəsində TANAP boru kəməri marşrutu üzərindəki quru və su mühitlərində apardığı tədqiqatlar zamanı müəyyən edilmiş 12 yeni növü elmi dünya ədəbiyyatına təqdim edib. Boru kəməri marşrutu üzərində müəyyən edilmiş 67 quru və 27 su kritik yaşayış mühiti üçün hazırlanmış Biomüxtəlifliyin Fəaliyyət Planına əlavə olaraq, Biomüxtəlifliyin Balanslaşdırılması Strategiyası hazırlanıb və bir boru kəməri layihəsində ilk dəfə həyata keçirilib. Bundan əlavə, ƏMSSTQ dövründə 106 və tikinti dövründə 48 ədəd olmaqla cəmi 154 arxeoloji sahə Türkiyənin mədəniyyət inventarına əlavə edilib. Layihə çərçivəsində Muzey Müdirliklərinin rəhbərliyi ilə cəmi 25 xilasetmə qazıntı işi aparılıb. Bu işlərdə tapılan 1.000-dən çox arxeoloji əsər, aidiyyəti muzeylərə təhvil verilib.

Gülnar Əliyeva