Tanınmış bloger maşınını cərimə meydançasından çıxara bilmir

Tanınmış bloger maşınını cərimə meydançasından çıxara bilmir
Oxunma sayı: 5312

Tanınmış bloger Oqtay Əhmədovun avtomobili cərimə meydançasına qoyulub. Buna səbəb maşının səsboğucu sistemindən standartlardan artıq səs xaric olmasıdır. Lakin Əhmədov səsin şiddətinin ölçülməsi prosesi və bunun nəticəsi əsasında verilən qərarın qanunsuz olduğunu düşünür.

“Qafqazinfo”ya müraciət edən Oqtay Əhmədov bildirib ki, aprelin 29-da 90 OA 800 dövlət qeydiyyat nişanlı "BMW M5" minik avtomobilinə yaxınlaşarkən YP 428 və YP 420 nömrəli yol polisi maşınlarında xidmət edən əməkdaşlar onun maşınını cərimə meydançasına aparacaqlarını deyiblər: “Səbəbi özləri də bilmirdilər, dedilər ki, YP 301 avtomobilində xidmət edən rəis Malik İbrahimov göstəriş verib. Avtomobilimi cərimə meydançasına apardılar, açıq yerdə itlər hürüşür, güclü külək əsirdi. Elə oradaca səsi ölçüb normanın qanuni olduğunu dedilər. Bu barədə Malik İbrahimova məlumat verilsə də, maşının dayanacaqdan buraxılmamasına göstəriş verdi. Sabah yenidən məni çağırıb bir də ölçdülər, bu dəfə də hər şey qaydasında oldu. Bu dəfə M. İbrahimov maşını “BMW”lərin rəsmi distributoru olan servisdə yoxlanılmalı olduğunu bildirdi. Özəl servis olduğu üçün 35 manatı da məndən aldılar. Orada da yoxlayandan sonra dedilər ki, avtomobilin səsboğucu sistemində əsas səsi verən arxa qazanlar zavod tərəfindən qoyulanlardır. Mühərrikdən qazanlara kimi olan hissə isə xüsusilə “BMW” avtomobilləri üçün istehsal olunan və müvafiq sertifikatı olan avadanlıqlardır".

Oqtay Əhmədovun sözlərinə görə, bu avadanlıqlar da nə tüstü, nə də səs sistemi standartlarını pozur: "Qanunvericilikdə də, yalnız bu iki standart nəzərə alınır. Qazanların qoyulması qanun pozuntusu deyil. Hazırda mənə 500 manat cərimə yazılıb və o qazanlar sökülməsə, avtomobili cərimə meydançasından buraxmayacaqlarını bildirirlər”.

O.Əhmədov bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Bakı DYP rəisi, polis polkovniki Rəşid Piriyevə müraciət edərək protokola xitam verilməsini və avtomobil cərimə meydançasından buraxılmasını xahiş edib.

Bakı Dövlət Yol Polisinin sözçüsü, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Oqtay Əhmədovun idarə etdiyi “BMW” markalı avtomobilin səsboğucusuna müdaxilə edilib: “Onun dedikləri cəfəngiyyatdır, sadəcə bəhanə axtarır. Dünən idarəmizdə olub, ona hüquq və vəzifələri ilə bağlı informasiya verilib. Sadəcə maşında olan müdaxiləni qəbul etmək istəmir. Bu da onun öz işidir.

Rəsmi servis mərkəzi bizə məlumat verib ki, səsboğucuya müdaxilə edilib. Bu da inzibati xəta tərkibi yaradır. Vətəndaş Oqtay Əhmədov ərköyünlük edir, bir neçə gündür yol polisi ilə bağlı xoşagəlməz informasiyalar yayır. Düşünür ki, bu variantla nəyəsə qalib gələcək. Əslində unudur ki, onun yaydığı informasiyalar ən azından özünün məsuliyyətə cəlb edilməsinə səbəb olar”.

Qeyd edək ki, Oqtay Əhmədov və həyat yoldaşı Aysel Şükürova bloger cütlük kimi instaqramda populyardır.

Murad Əhməd