Tanınmış şair 40 ildir yaşadığı evini sənədləşdirə bilmir

taninmis-sair-40-ildir-yasadigi-evini-senedlesdire-bilmir
Oxunma sayı: 2791

Tanınmış şair Şəmistan Göyçəli 40 ildir yaşadığı evini sənədləşdirə bilmir. Nərimanov rayonu, Sübhan Ələsgərov 112 ünvanında yerləşən evin yalnız layihə planı mövcud olduğundan, əmlaka dair çıxarış almaq mümkün deyil. Digər tərəfdən isə, bir neçə ay öncə məlum olub ki, öz ailə üzvlərindən əlavə, vəfat etmiş qardaşının 12 nəfər ailə üzvü də onun evinə qeydiyyatdadır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə REAL TV süjet hazırlayıb. 

Ş. Göyçəli 1971-ci ildən bu evdə məskunlaşdığını və o vaxtdan da qeydiyyata düşdüyünü bildirib: “Qardaşım da mənimlə eyni vaxtda Bakıya gəlib və qonşuluqda yaşamışıq. Lakin heç birimiz evimizi özəlləşdirməmişik, çünki əlimizdə sənəd olmayıb. Əvvəllər sənədimiz olub, indi o sənəd ləğv olunub. Mən istəyirəm ki, bu evdə qeydiyyatda olan 18 nəfərdən 6 nəfəri öz evimə qeydiyyata düşsünlər, digər şəxslər isə qardaşımın evinə qeydiyyata salınsın”. 

30 saylı Mənzil İstismar Sahəsindən də Ş. Göyçəlinin evində 18 nəfərin qeydiyyatda olduğunu təsdiqləyiblər. Qeyd olunub ki, bu məsələ illər əvvəl Polis İdarəsinin Pasport və Qeydiyyat şöbəsi tərəfindən həyata keçirilib. Həmçinin bildirilib ki, əgər o şəxslər həmin evdə yaşamırlarsa, ya razılıq əsasında, ya da məhkəmə yolu ilə qeydiyyatdan çıxarıla bilər. 

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsilə bağlı tədbirlər planı təsdiq edilib. Belə tikililərin sənədləşdirilməsilə bağlı yerli ekspert komissiyaları formalaşdırılıb. Yerli icra hakimiyyəti orqanları,  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhəralma və Arxitektura Komitəsi və digər dövlət qurumları tərəfindən şəhər və rayonlar üzrə belə tikililər və onların yerləşdiyi torpaqların inventarlaşdırılması həyata keçirilir. Bu proses başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələr təhlil olunacaq.