Tanınmış vəkil istintaqdan narazıdır

taninmis-vekil-istintaqdan-narazidir
Oxunma sayı: 3491

Narkotik daşımaqda və satmaqda ittiham olunan şəxsin vəkili istintaqın kobud pozuntularla aparıldığını iddia edir.

Şikayətlə bağlı Daxili İşlər Nazirliyi rəhbərliyinə də müraciət etdiyini deyən vəkil Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, rəsmi ittihama görə, müvəkkili Emin Məmmədov iyulun 28-də Devrəm adlı tanışının gizlətdiyi yerdən 1030 qram heroini götürərək evinə gətirib, satmaq üçün apararkən Xəzər rayonunda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İttihama görə, oradan İdarənin inzibati binasına gətirilib, üzərinə baxış keçirilən zaman həmin politilen torbadan 1030 qram heroin aşkarlanaraq götürülüb:

“Müvəkkilim mənimlə söhbətində bildirdi ki, o, hazırkı ittihamla razı deyil və saxlanılarkən üzərində narkotik vasitə olmayıb. Belə ki, iyulun 28-i günün birinci yarısında o, faktiki nikah münasibətlərində olduğu Arifə adlı xanımla “KİA CEED” markalı, 99 VK 651 dövlət nömrə nişanlı avtomobil ilə Arifənin atasının qəbrinə gediblər. Bundan sonra o, faktiki yaşadığı Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsindəki evinə, sonra ordan çıxıb avtomobil ilə Binə, Qala kəndi istiqamətində gedib, saat 14 radələrində Mərdəkan şossesindən Qala-Pirallahı şossesinə tərəf dönən kimi 30 metr qabaqda köşkün qarşısında saxlayıb, avtomobildən düşərək köşkdən su almaq istəyərkən polis əməkdaşları onu tutublar. Orda onun və avtomobilinin üzərinə baxış keçiriblər, heç nə aşkar olunmayıb. Bundan sonra avtomobili orada qalıb, polis əməkdaşları ilə onlara məxsus ağ rəngli “Land Rover”, qara rəngli “Toyota Prius”, ağ rəngli “Hyundai Elantra” markalı avtomobillər ilə onun yaşadığı evə gediblər. Saat 16.00 radələrində həmin evdə axtarış aparıblar, evdən də heç nə çıxmadığını görüb geri qayıdıblar. Onun avtomobilini də götürüblər.

Axtarış aparılarkən evdə Arifənin dayısı oğu Kamran, qardaşı Orxan, qardaşının dostu Amar, anası Xavər, həyətdə tikintidə işləyən ustalar olub, eyni zamanda qonşular da səsə ora yığışıblar. Hətta Kamranı və Orxanı da orada polis əməkdaşları döyüblər. Göründüyü kimi, BNMİ-nin əməkdaşları onu saat 14 radələrində  aparsalar da, sənədləşdirmədə saat 23.00 yazıblar. Polis idarəsində əməliyyatçılar müxtəlif vasitələrlə ona hədə-qorxu gələrək narkotik vasitələrin onun üstündə olmasını etiraf etdiriblər. Amma əslində onun üzərində və ya çantasında heç bir narkotik olmayıb".

V.İsrafilovun sözlərinə görə, qeyd edilən xüsusatların sübut edilməsi üçün bir sıra istintaq hərəkətlərinin yerinə  yetirilməsi zəruriliyini nəzərə alaraq verdiyi vəsatətə 5 gün ərzində baxılmalı olsa da, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Elvin Həsənov bir aydan çoxdur vəsatətə baxmır: “Müvəkkilimin saxlanıldığı gün getdiyi yerlərdəki nəzarət və müşahidə kameralarından  görüntülər götürülməli, həmin vaxt Eminin və polis əməkdaşlarının avtomobillərinin hərəkət trayektoriyası dəqiqləşdirilməlidir. Bununla Emin Məmmədovun saat 14-15 radələrində saxlanılması, üzərində narkotik vasitənin olmaması tam sübuta yetəcək.

Emin Məmmədovun və əməliyyatda iştirak edən şəxslərin iyulun 28-nə aid telefon məlumatları, anten dairələri, dislokasiya müəyyən ediləcəyi təqdirdə, E.Məmmədovun 23.00-da  BNMİ-də olması, Nəsimi rayonu Seyidzadə küçəsində olmaması tam aydın olacaqdı. Eyni zamanda bildirim ki, Emin Məmmədovun həmin vaxt əynində göy köynək, qara şalvar olub. İstintaqda o vəkillə təmin edilməyib, hüquqları izah olunmayıb. Bu hal təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir.

Odur ki, istintaqın obyektiv aparılmasının təmin edilməsi üçün Emin Məmmədovun yenidən iştirakımla ifadəsi alınmalı, iş üzrə təqsirləndirilən digər şəxslərlə, sonuncu barəsində  ifadə vermiş hər bir şahidlə üzləşdirilməsi təmin edilməli, onların ifadəsinin doğruluğunu yoxlamaq üçün yenidən dindirildikdən sonra ifadəsinin yerində yoxlanılması təmin olunmalı, zəruri olduğundan hadisə  iştirakçılarının iştirakı ilə istintaq eksperimenti keçilməlidir”.

Vəkil V.İsrafilov bununla bağlı Baş prokuror Kamran Əliyev və Daxili işlər naziri Vilayət Eyvazova rəsmi müraciət etdiyini də qeyd edib.

Qeyd edək ki, Emin Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (satış məqsədilə bir qrup şəxs tərəfindən narkotik vasitəsilərin saxlanılması) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin əldə edilməsi) maddələri ilə ittiham olunur.