“Qafqazinfo” xəbər verir ki, Modern.az bu bayramı tanınmışların necə keçirəcəkləri ilə maraqlanıb.
Jurnalist Aynur Camalqızı: “Novruz bayramını evdə ailə üzvlərimlə birlikdə qeyd edəcəm. Birinci qohumlara baş çəkəcək, onların bayramını təbrik edəcəm, dostları da təbrik edəcəm. Süfrəni Novruz adət-ənənələrinə uyğun bəzəmək, evə papaq atan uşaqları sevindirmək kimi adət-ənələrə də əməl edəcəm.
Yazıçı Şərif Ağayar təbiətə yaxın olmaq istəyir: “Bayramda valideynlərimin yanına Ağcabədi rayonuna- Qarabağa gedəcəm. Həm də bir neçə maraqlı görüşüm olacaq. Ağdama, Bərdəyə, laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsinə gedəcəm. Kürdə balıq yemək və saza qulaq asmaq da istisna deyil. Təbiətlə yaxın olmaq istəyirəm. Heç olmasa ildə bir-iki dəfə bunu etməliyik. Yaşım o yaş deyil ki, bayramın adət-ənənəsini həyata keçirəm. O ayinlərə həvəs qalmayıb. Amma müşahidə etməyi, adamların şənlənməsinə baxmağı sevirəm. Bizim insanlar çox məzlumdur. Novruz onları ürəkdən güldürməyə qadir olan yeganə bayramdır”.
Müğənni Xatirə: “Bayramı evdə ailəmlə birgə qarşılayacağam. Bəlkə axşam da qapı pusmağa çıxdım”.
Aktrisa Mehriban Xanlarova: “Təbii ki, bayramı evimdə ailəmlə keçirəcəm. Süfrəni 7 nemətlə bəzəmişəm”.
Müğənni (Şeron qrupunun üzvü) Ülvi Cəfərov bayramı həm də tədbirlərdə qeyd edir: “Tədbirlər də var, amma vaxt ayıran kimi heç olmasa bir yarım saatlıq imkan tapıb evdə bayramımızı qeyd edəcək, sonra işimizə davam edəcəyik. Uşaq vaxtımızdan yaddaşımızda tonqalın üstündən atlanmaq qalıb. İndi sağa-sola baxarıq, adam olmasa bir təhər tonqaldan hoppanarıq. Adətimizdi, uşaqlığımızın bir hissəsidir. Papaq atmağı dəqiq bilmirəm. Nə adət varsa, imkan tapdıqca onu edəcəyik”.
Jurnalist Vaqif Aydınoğlunun sevdiyi adət tonqaldan atlanmaqdır: “Biz nəinki Novruz bayramı, bütün bayramlarda həmişə iş başında oluruq. Çox güman ki, yenə işdə olacağıq. Gündüz iş yoldaşlarımızla, axşam da təbii ki, evimizdə ailəmizlə keçirəcəyik. Şirniyyat bişirmək, yumurta boyamaq kimi işlərlə evdə xanım məşğul olur. Ən xoşladığım adət tonqal başında olmaq, tonqaldan atlanmaqdır. O xüsusi ləzzət verir. Novruz bayramı bayramlar içərisində mənim ən çox dəyər verdiyim, ən çox qiymətləndirdiyim bayramımızdır”.
Son xəbərlər
Son Xəbərlər