“TAP-ın coğrafiyasının genişlənməsi ölkəmizin nüfuzunu artıracaq”

“TAP-ın coğrafiyasının genişlənməsi ölkəmizin nüfuzunu artıracaq”
Oxunma sayı: 794

"Azərbaycana məxsus təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) Azərbaycana verəcəyi töhfəni sözlə ifadə etmək çox çətindir".

“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

"Əgər TAP olmasaydı, investorlar “Şahdəniz-2” layihəsinə pul qoymayacaqdı. Ən böyük qaz həcmləri “Şahdəniz-2”dən Avropa bazarına ixrac olunacaq. Bundan əlavə, həmin bazarda qaz tədarükünün tədricən artırılması nəzərdə tutulub. Buna müvafiq olaraq da Cənub Qaz Dəhlizinin Azərbaycan, Gürcüstan və Türkiyə seqmentlərindəki hissəsinin genişləndirilməsi nəzərdə tutulub. Yəni, bazara istehlakçıların ehtiyacı qədər qaz çıxarılacaq”, - deyə o, qeyd edib.

İ.Şabanın sözlərinə görə, ümumilikdə Xəzər dənizinin Azərbaycan sektoru kimi böyük qaz ehtiyatına malik bir ərazidə indiyə qədər “Şahdəniz” kimi II qaz yatağı açılmayıb: “Bunun üçün də II qaz yatağı da məhz Azərbaycanda, “Abşeron” yatağının timsalında açılıb. Bu yatağın 350 milyard kubmetr qaz ehtiyatı mövcuddur”.

O qeyd edib ki, sonrakı dövrlərdə yeni qaz yataqları açıla bilər: “Vaxtilə “Şahdəniz”dən sonra biz “Abşeron”, “Ümid” yataqlarını açdıq. Ondan sonra da 2013-cü ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Bulla Dəniz” yatağının dərin qatlarında olan qaz layları aşkar edib. Yəni Azərbaycanın müstəqillik illərində, əsasən də XXI əsrdə qaz yataqlarının aşkarlanması, qaz ehtiyatlarının artırılması ilə bağlı fantastik uğurları var. Ancaq bazar olmasa, həmin yataqları birləşdirən infrastruktur olmasa, onlar passiv imkan kimi qalacaq. O imkanı aktiv şəklə çevirmək üçün məhz infrastruktur lazım idi. Bu infrastruktur da ümumilikdə Cənub Qaz Dəhlizi və onun sonuncu seqmenti TAP-dır”.

Ekspert deyir ki, TAP-ın birinci mərhələsində 10 milyard kubmetr qaz nəql ediləcək: “Təsəvvür edin, bu layihə çərçivəsində Azərbaycan bu boru kəmərinin tikintisi zamanı nə qədər ölkə ilə memorandumlar imzalayıb. İstər Balkan ölkələri olsun, istərsə də Şərqi Avropa ölkələri, hətta keçmiş Sovetlər İttifaqının iki respublikası – Ukrayna və Moldova da Cənub Qaz Dəhlizindən yararlanmaqla bağlı fikirlər səsləndirirlər. TAP-ın coğrafiyasının genişlənməsi Azərbaycana maraq, əlaqələrin genişlənməsi deməkdir. Bu isə ölkəmizin nüfuzunu artıracaq”.

Azərbaycanın təbii qaz satışından əldə edəcəyi gəlirlərə toxunan İ. Şaban bunun qiymətdən asılı olacağını qeyd edib: “Biz neftin qiymətinin 148 ABŞ dolları olan vaxtını, 15 ABŞ dolları olan dövrünü də gördük. Hətta 1998-ci ildə neftin qiyməti 10 dollar da olmuşdu. Bunun üçün də, hər şey qiymətdən asılı olacaq”.

Onun sözlərinə görə, təbii qazın satışından gələn gəlirlər yaxın perspektivdə bizim indiki neft gəlirlərini üstələyə bilər: “Proqnozlara əsasən, cari onilliyin ortasına qazdan gəlirlərimiz 6-7 milyard ABŞ dolları, ən pis halda 5 milyard ABŞ dolları ola bilər. Bura kondensantın satışından gəlirlərin qaz layihələrinə aid edilməsi də nəzərdə tutulur. Təbii qaza bu əsr neft sektorunda nefti əvəzləyəcək xammal kimi baxılır. Qazın qiyməti yaxşı olsa, Azərbaycanın illik gəliri 10 milyard ABŞ dolları da ola bilər”.

Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.