Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu "Qafqazinfo"ya bildirib ki, Azərbaycan Dövlət Musiqili Teatrının sabiq əməkdaşı Elvin Əliyevin mart ayının 5 iş günü üçün olan məvacibi və işdən çıxmasına görə ona düşən məzuniyyətin haqqı 16 mart 2015-ci il tarixində “Kapitalbank”ın 1 saylı Səbail rayon filialına köçürülüb:
"Bu tarixə onun əmək haqqı kartının vaxtının bitməsi təsadüf etdiyi üçün və eyni zamanda öz ərizəsi ilə işdən azad olunduğuna görə “Kapitalbank”ın 1 saylı Səbail rayon filialına Azərbaycan Dövlət Musiqili Teatrı tərəfindən arayış təqdim olunub ki, Elvin Əliyev şəxsiyyət vəsiqəsi ilə 5 günlük məvacibini və işdən çıxmasına görə ona düşən məzuniyyətin haqqını ala bilsin. Elvin Əliyev isə arxada qalan təqribən iki ay müddətində nə banka, nə də teatra müraciət edib. İndi isə bankdan pulunu almaq əvəzinə ucuz şou yaratmağa uğursuz cəhd edir. Elvin Əliyevə tövsiyə edirik ki, bu cür uğursuz əməllərlə məşğul olmaqdansa, gedib “Kapitalbank”ın Səbail rayon filialından pulunu alsın. Çünki bir neçə gündən sonra teatr tərəfindən banka təqdim olunan arayışın vaxtı bitir. Düşünürük ki, özünü sənət adamı hesab edən şəxs gündəmdə ucuz şou ilə yox, öz sənətiylə, yaradıcılığıyla qalmalıdır. Musiqili Teatr klassik və müqəddəs sənət məbədidir. Belə bir məbədin adını ucuz şoularda hallandırmaq heç kimə başucalığı gətirməz".
Qeyd edək ki, dünən aznews.az saytında bir neçə ay öncə istefa verən aktyor Elvin Əliyev sözügedən mədəniyyət ocağına getsə də, qapıdan içəri buraxılmaması ilə bağlı məlumat yayımlanmışdı. Məlumatda bildirilirdi ki, aktyor baş verənlərlə bağlı nə teatrın direktoru Əliqismət Lalayevlə, nə də teatrın mühasibi ilə görüşə bilib:
“Məni qapıda teatrın mühafizəçisi qarşıladı və dedi ki, Əliqismət Lalayevin teatra buraxılmamağımla bağlı göstərişi var: “Kimin onunla nə işi varsa, qapıda həll etsin. O, adam teatra girə bilməz”.
Son xəbərlər
Son Xəbərlər