- Oyun haqqında nə deyə bilərsiniz?
- Biz nəticəni və oyunu yaxşı hesab edirik. Xorvatiyaya qarşı yaxşı çıxış etdik. Unutmayın ki, rəqib ötən il keçirilən dünya çempionatında iştirak edib, 32 ən güclü komanda sırasında yer almışdı. Hazırda onlar bizim qrupda da liderdilər. Onlardan bir xal almaq asan iş deyil. Birinci hissədə qol buraxmadıq. İkinci hissədə yığmamız irəli atılandan sonra bəzi azarkeşlər yəqin ki, fikirləşirdi ki, niyə də qol vurmayaq? 3 xal da qazana bilərdik. Amma 1 xal da bizi çox sevindirdi. Belə ab-havada xal qazanmaq yaxşı oldu. Millimiz bizi sevindirdi.
- Oyundan öncə heç-heçəyə inanırdız? Amma tam səmimi cavab verin...
-Komanda ilə təlim-məşq toplanışlarında görüşürdük. Hazırlıqlardan öncə tam səmimi deyirəm ki, qorxu var idi. Amma toplanış zamanı gördüm ki, futbolçularda inam var. Onlar əvvəlki bütün oyunları unudub sırf bu matça hazırlaşdılar. Oyunçular inamla yanaşdı bu qarşılaşmaya və nəticə göz önündədir.
-Bəlkə yaxşı mükafat vəd etmişdiniz?
-Mükafat çox vacibdir. Milli komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Bildiyiniz kimi AFFA futbolçulara maaş vermir. Bu öhdəlik klublara aiddir. Futbolçular isə yığmaya gəlib şərəflə oynayırlar. Biz tsklin əvvəlində milli komandaya demişdik ki, mükafatlar olacaq və bu mükafatlar rəqiblərdən asılı olaraq təyin ediləcək. Mükafatın məbləği isə oyunlardan sonra bildiriləcək. Hələlik elan olunmadı. Amma xüsusi mükafat AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən elan olunacaq.
-Son 3 oyundan sonra təəssüf hiss keçirirsiniz ki, kaş seçmə mərhələnin əvvəlindən Prosineçi olardı?
-Təbii ki, təəssüf hiss keçiririk. Bu seçmə mərhələdə 3 oyun Berti Foqtsla oynadıq, bir oyun Mahmud Qurbanovla, qalanın da Prosineçki ilə. İndiki durumda qarşıya baxmaq lazımdır. Ümid edirəm ki, daha yaxşı matçlarımız olacaq. Növbəti seçmə mərhələyə isə daha ciddi hazırlaşmalıyıq.
-Berti Foqts məğlub olmadığımız son 3 oyundan sonra sizə təbrik mesajı yazıb?
-Berti Foqts gedəndən sonra bizimlə maraqlanır. Bundan əvvəlki oyunlarda da təbriklər yazıb(telefonunda Berti Foqtsun mesajlarını göstərir). Xorvatiya ilə oyundan öncə də mənə mesaj yazmışdı. Bu o deməkdir ki, onun ürəyi hələ də bizimlədir. Hətta o, bizə komandanın hansı mövqelərdə daha yaxşı oynadığını deyir. Oyundan öncə mənə mesaj yazıb ki, “salam Elxan. 2 oyunda sizə uğurlar arzu edirəm. Vaşinqtondan Berti”.
-Klublara təyin olunan idman direktorlarının göndərilməsi ilə bağlı söz-söhbətlər var idi...
-Klublara idman direktorları təyin etmək İcraiyyə Komitəsinin qərarı idi. Yəni biz komandalara kömək etməli idik. Biz 1 il ərzində bu layihəni davam etdirdik. Həmin müddət başa çatdı. Ancaq iki məşqçinin müqaviləsi növbəti ilin aprel ayına qədər davam edəcək. “Qarabağ”a və “Sumqayıt”a təyin olunan idman direktorları hələ ki, burdadılar. Digərləri gedib və bunların da müqaviləsi başa çatan kimi gedəcəklər. Müqavilənin müddətini uzatmayacağıq. Bu xarici məşqçilər gəldilər, bizim yerli məşqçilərə məşqlər keçdilər. İndi düşünürük ki, yerlilər də bu işin öhdəsindən gəlib onların yerini tuta bilərlər.
-Gedən idman direktorları yəqin ki, sizə hesabat verdilər. Razı qaldız?
-Razı qaldıq. Çünki həmin idman direktorları klublarda olan uşaq komandalarını intizama saldılar. Yəni ümumi olaraq, əvvəlki illərlə müqayisədə dəyişikliklər oldu. Məsələn, əvvəllər uşaqlar məşqlərə gecikirdilər. Amma indi vəziyyət dəyişib. Ümid edirəm ki, klublar bundan fayda gördülər. Onların işini işlədikləri klubların nümayəndələri ilə də müzakirə etdik. Məsələn, bu yaxınlarda Qurban Qurbanovla bu barədə danışdıq. O da müsbət rəy bildirdi. Öyrənmək yaxşıdır. Hollandiyadan gələn bir mütəxəssis çox şey öyrədə bilər. Amma bu o demək deyil ki, bütün hollandiyalı mütəxəssislər güclüdür. Biz də yaxşıları gətirməyə çalışdıq. Amma təbii ki, səhv də edə bilərik, yanlış mütəxəssis də seçə bilərik. Ancaq inanıram ki, bu səmərəli oldu.
-Bildiyimizə görə həmin mütəxəssislərə 15 min manat maaş ayrılıb. Olmazdı ki, həmin pulla yerli məşqçiləri xarici klublara təcrübəyə göndərilsinlər?
-15 min yalandır. 8 min olub və bəzilərində 5 min idi. Yerli məşqçilərə hər zaman dəstək olmuşuq. Hansı məşqçi AFFA-ya gəlibsə ki, məni filan yerə göndərin, kömək etmişik. Fərqi yoxdur ki, o, AFFA işçisidir, ya yox. Bizim işimiz budur. Futbola dəstək olmalıyıq. Bu gün Azərbaycan futbolu göstərdi ki, inkişaf gedir. 5 il öncə biz arzulayırdıq ki, 1 klubumuz Avropa Liqasında oynasın. Bu gün isə 2 klub qrup mərhələsində çıxış edəcək. Bu böyük nailiyyətdir. Oyundan öncə Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə rəsmi yeməkdə olduq. O bildirdi ki, həqiqətən Azərbaycan futbolu inkişafdadır. İki komandanın qrup mərhələsinə düşməsi yaxşı nailiyyətdir.