“Təcili tibbi yardım”ın benzini

tecili-tibbi-yardimin-benzini
Oxunma sayı: 2794


Sən Allah elə edin, özünüzə yaxşı baxın, əsəbiləşməyin ki, sizə də “təcili yardım” çağırmasınlar. Bilirsiz də niyə? Çünki çoxu üçün “təcili tibbi yardım” çağırmaq özü də azara çevrilir. Xəstənin vəziyyəti pisləşir, hamı isə evdə hələ də götür-qoy edir ki, çağıraq təcili yardım, ya yox. Xalqımın həkimə inamsızlıq kimi bir adəti var.

Axır ki, evdə bir cəsarətli tapılıb “103”-ü yığır. Telefonun o başından dəstəyi götürən o qədər rahat danışır ki, elə bil ki, biz “təcili yardım”a yox, hansısa restorana yemək sifarişi üçün zəng vurmusuq. Xəstə haqqında məlumatların aramla soruşulması, sifariş olunan yeməyə soğan, istiot vuraq kimi səslənir. Hanı bunun həyəcanı, mehriban davranışı, yardıma tələsməsi? Evdəki xəstənin vəziyyəti, pisliyə doğru dəyişməsi dəqiqə və ya an məsələsinə çevrilə bilər. Bizim fikirləşdiyimiz təcili yardım bir az geciksə, artıq keçinmə də baş verər.

Nəhayət, məhəlləyə “təcili tibbi yardım” maşını və ya müasir terminlə desək, ambulans daxil olur. Biri mənə demişdi ki, təcili yardım həkimləri yalnız bir işi bilirlər, o da ağrıyan xəstəyə “smes”(analqin, novokain, demidrol qarışığı) vurub yatırtmağı, ya da başı çıxmayanda xəstəxanaya aparmağı. Adı üstündə təcili yardım. Bu profildə olan həkimlərin savadını, təcrübəsini müzakirəyə çevirmək niyyətim yoxdur. Heç onlara haqsızlıq da etmək istəməzdim. Amma təcili tibbi yardım stansiyasının həyətində nərd, domino oynayan həkimlərə daha çox yazığım gəlir. Onların yeni biliklər öyrənmə, bizim üçün faydalı olma kimi niyyətləri yoxdur. Ağızinı da açan “verdikləri maaş nədir ki?” deyirlər. Yaxşı həkim olmaq elə pul qazanmaq demək deyilmi? Şəxsən mənim sonuncu gəldiyim nəticəm belədir. Azərbaycanda daha çox savadsız həkimlər az maasdan şikayətlənə bilər. Çünki nüfuz qazanmışların yaxşı pulu da var, evi də , maddi imkanı da. Şikayət edənlərin cəsarəti çatırsa, dilinin altında donquldanmaqdansa, hirsini xəstələrdən çıxmaq əvəzinə, gəlsin Səhiyyə Nazirliyinin qarşısına haqqını istəsin. Yoxsa, “təcili tibbi yardım” həkimindən tutmuş tibb işçilərinin şikayəti dörd divardan kənara çıxmır və çıxmayacaq da .

“Təcili tibbi yardım” dünya təcrübəsində ən vacib sahədir. Baxmayaraq ki, bizdə həkimlər bu mənada astagəl və biganəlikdən əziyyət çəkirlər. Bəzən də gələn həkim xəstəyə elə qəribə suallar verir ki. Həkimin rahatlığı, gecə çağırılan həkimin “kiminsə ona borcu var” kimi baxışları adamı yeyib-bitirir. Xalqımızın bir adəti də var. Həkim gələndə evdəkiləri xəstənin vəziyyətindən çox, ona nə qədər “hörmət” edək məsələsi maraqlandırır. Elə bil ki, həkim evindən yuxudan oyandırılıb gətiriib. Axı bu məmləkətdə hərənin öz işi deyilən bir məsələ yaddan çıxır. Həkimin vəzifəsi elə budur. Həkimi də elə qapıdan içəri daxil olanda “hörmət” maraqlandırır. Evə, ev əşyalarına baxış, ardınca xəstədən çox, cibə qoyulacaq “hörmət” onun fikrini dağıdır. İşini bitirən, çağırış evindən çıxan həkimin bir gözü elə xəstə yaxının əlində olur. Xəstə yiyəsi hər əlini hərəkət etdirdikcə gözləyir, “hörmət”i görmədikcə dilxor olur. Deyirlər, güya xəstədən təcili tibbi yardım üçün gələnlər pul tələb etsələr, pasiyent şikayət edə bilər. Özü də “qaynar xətt”ə. “Qaynar xətt”in də ki qaynamaqdan suyu çəkilib. Belə olan təqdirdə, “təcili tibbi yardım” maşınının sürücüsü hərəkətə keçir. Xəstə sahibinə “qardaş, heç olmazsa, benzin pulunu ver” deyir. “Benzin pulu” uğurlu bəhanədir, bəzən işə də yarayır.

Xəstə yiyəsi çox halda özünü sındırmır, əlinə keçən puldan verir. Bu zaman acınacaqlı vəziyyət yaranır. Pulun bölüşdürülməsi zamanı bütün həkim ləyaqəti, hörməti yerlərdə sürünür. Mənim həkimim niyə bu qədər alçalır, niyə buna izn verir? Bəlkə elə günah onun özündədir? Korrupsiyanın heç bir “hərfi” ilə də mübarizə olunmayan yerdə, 5-10 min manat verib həkim vəzifəsini icra edənlərdən başqa hansı davranış gözləyək?

Benzin də bahalaşdı, bahalaşır, amma həkim sənəti ucuzluğa doğru gedir.....