2016-cı ildə ən böyük nailiyyətlərimizdən biri Almaniya Yer Elmləri Mərkəzi (AYEM) ilə əməkdaşlıq haqqında memorandumun imzalanması olub. Cari ilin aprelindən başlayaraq Almaniyadan 20-yə yaxın cihaz gətiriləcək. AYEM-in maliyyə dəstəyi ilə pilot layihə kimi Bakının Səbail rayonunda seysmik mikrorayonlaşdırma və seysmik təhlükənin qiymətləndirilməsi, təhlükəli zonaların müəyyən edilməsi üçün 3 il ərzində tədqiqatlar aparılacaq. Bu araşdırmalarda gənc mütəxəssislər də iştirak edəcəklər. Layihə gənclərin proqram təminatı kurslarında iştirakı və doktoranturada oxumaları üçün də böyük imkanlar yaradıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə AzərTac-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.
O qeyd edib ki, ötən il ABŞ-ın Kolombo Universiteti ilə də əməkdaşlıq sazişi imzalanıb. Həmin universitetin maliyyə dəstəyi ilə bu ilin yazından başlayaraq 4 il ərzində Böyük Qafqazın şərq yamacında seysmik tomoqrafiya işləri aparılacaq. Layihənin həyata keçirilməsində əsas məqsəd həmin ərazilərdə yerin dərinlik quruluşunu öyrənməklə yanaşı, həm də gənc mütəxəssislərin seysmik tomoqrafiya sahəsində biliklərinin artırılmasıdır.
Son xəbərlər
Son Xəbərlər