Tehran, indi sən bizi dinlə...

Tehran, indi sən bizi dinlə...
Oxunma sayı: 6282

“Vəziyyət o həddə çatıb ki, Azərbaycanda şiə fəalların yaşamaq hüququ da təhlükədədir. Bunlar Azərbaycan Respubliksında şiələrin hüquqlarının pozulmasıdır. Və təbii ki, bunun əks təsiri olacaq”.

İranın hakimiyyətində və siyasi arenasında “mühafizəkarlar” kimi tanınan siyasi düşərgənin mənsublarının nəzarətində olan kütləvi informasiya vasitələrində ölkəmiz barədə son günlərdə həddən ziyadə aqressiv, radikal və ifrat emosional, obyektivlikdən çox uzaqlaşaraq qərəzkarlığa və yalana yaxınlaşan mövqelərdə yazılar, çıxışlar, məqalələr, şərhlər və s. yer alır.

Əslində, İran İslam Respublikasındakı məzkur siyasi düşərgənin davranışına alışsaq da, son ittihamlar absurd həddə çatdırıldığından cavab verməyə zərurət duyuram.

Tehrandakı sözügedən medialarda və sosial şəbəkələrdəki qruplarda yer alan ittihamlara bir-bir cavab verməyə çalışacağıq.

1. “Azərbaycanda dindarların siyasi fəaliyyətinə maneələr yaradılır”.

“İranın mövcud qanunvericiliyi siyasi partiyaları sivil cəmiyyətin digər təşkilatlarından ayırmasa da, siyasi təşkilatların və qrupların fəaliyyətinə çox böyük məhdudiyyətlər qoyur”, - ABŞ-dakı Nevada Universitetinin siyasi elmlər professoru, əslən iranlı olan Mehran Təmadonfər belə deyir. Onun fikrincə, 1981-ci ildə İranda qəbul edilmiş "Partiyalar haqqında" qanun ölkədəki istisnasız olaraq bütün (!) siyasi təşkilatların maliyyəsi, rəhbərliyi, fəaliyyəti, ideologiyası total nəzarəti nəzərdə tutur.

İranda rəsmi qeydiyyatdan keçmiş siyasi partiyalar və təşkilatlardan savayı heç bir struktur siyasi fəaliyyət göstərə bilməz.

Bunu qanunvericiliyin tələbləri ilə bəlkə də izah etmək olardı, amma ölkədə fars olmayan vətəndaşların siyasi təşkilatlanmaları qarşısında yaradılan keçilməz maneələri necə izah edək?

İran əhalisinin az qala 31 faizini təşkil edən azərbaycanlıların heç bir siyasi təşkilatı qeydiyyatdan keçirilməyib.

"Güzəşt" sadəcə, ermənilərə edilib.

Soydaşlarımızla bahəm, bəlucların, ərəblərin, türkmənlərin, kürdlərin - ümumiyyətlə, qeyri-farsların siyasi fəaliyyətləri tabudur, yasaqdır.

Olmaz, yolverilməzdir, qadağandır.

Yasaqlardan İrandakı dindarlar belə, nəsiblərini alıblar: hakimiyyəti azacıq, hətta ən yumşaq və mülayim tənqidə yol verənlərə qarşı sərt repressiyalar tətbiq olunur.

Həmkarlar təşkilatları da sərt çərçivədədir: "həddi keçən"lər həbsxanaya salınır, bəzənsə öldürülürlər.

Məsələn, ölkənin cənub-şərqindəki Babak şəhərinin yaxınlığındakı Xatunabadda yerləşən "Nazhaton" mis kombinatında çalışan fəhlələr maaşlarının artırılması və kütləvi ixtisarlara son qoyulması istəyi ilə aksiya keçirəndə onlara polislə "Bəsic" könüllülər birləşmələrinin mənsubları divan tutmuşdu. Nəticədə 4 nəfər həlak olmuş, 300 fəhlə isə müxtəlif bədən xəsarətləri almışdılar.

Azərbaycanda isə - İrandan fərqli olaraq - HƏR KƏS, yəni İSTƏNİLƏN VƏTƏNDAŞ siyasi fəaliyyətdə TAM AZADdır və bu, həmin vətəndaşın hüquqları ölkə Konstitusiyası, mövcud qanunvericiliklə qorunur. Sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edənlərə repressiyalar, təqiblər yoxdur: yetər ki, sosial şəbəkələrə, habelə YouTube-a İrandakı "tənqidçi"lər baxsınlar.

2. "İndi Azərbaycan Respublikasında hətta İmam Hüseyn bayrağını evin girişində və küçədə asmağın 2 min avroya yaxın cəriməsi var. Bu onu göstərir ki, ölkədə tamamilə sistemli şəkildə anti-islamizm və anti-şiəlik prosesi gedir. Bu da Azərbaycan Respubliksının sionist İsrail rejimi ilə qurduğu xüsusi əlaqələrlə bağlıdır".

Bu ittiham primitivlik səviyyəsində savadsız və tam əsassızdır.

Əvvəla, dünyanın heç bir ölkəsində, o cümlədən İran İslam Respublikasının özündə də "Hüseyn bayrağı" yoxdur. Olan üzərinə "Ləbbeyk ya Hüseyn" yazılmış rəmzi bayraqdır ki, o da hər il məhərrəm ayında Azərbaycanda evlərdə, məscidlərdə yer alır. Evlərdən də asılır, eyvanlardan və pəncərələrdən də. Aşura günü yüzlərlə vətəndaşımız bu bayrağı əlində tutur. 

"2 min avroluq cərimə" məsələsi kimi marazmın da nəyə əsasən deyildiyini buraxıram bu suçlamanı dilə gətirib yazanların vicdanına: bəlkə xəyallarını və hallüsinasiyalarını reallıq saymayalar.

Azərbaycanda İslam var, "islamizm", ələlxüsus da "anti-islamizm" yoxdur, olmayıb və olmayacaq da. İslami sadəcə, "şiəlik" kimi qələmə vermək və bunu "islamizm" kimi təqdim etməksə ölkədə dinlə pərdələnmiş ekstremizmi təbliğ etmək, "dindarların təşkilatı" adı ilə kənardan idarə olunan ekstremist qruplaşma yaratmaq istəyidir.

"Anti-şiəlik" nədir, nə olan nəsnədir, Azərbaycanda harada və nə formada təzahür edir - naməlumdur. Ölkədə məscidlər fəaliyyət göstərir, ibadətlər edilir, cümə namazları qılınır, ibadətlər olunur.

İrandakı "tənqidçi"lərin çəhrayı yuxularında ölkəmizdə sünni-şiə qarşıdurması olsa da, xam xəyaldır.

Çünki Azərbaycan nə "dini", nə "şiə" dövləti deyil - sekulyar ölkədir, din dövlətdən ayrıdır.

Və salisən, ölkəmizdə şiələrlə sünnilər arasında elə qırılmaz, üzvi bağlar var ki, onların ağıllarından belə, təriqətçilik keçməyib, keçmir də.

"İsrailin sionist rejimi ilə xüsusi əlaqələr"ə gəldikdə isə, İrandakı "tənqidçilər" yenə subyektlə obyekti qarışdırırlar. Tehranın İrəvanla həddən ziyadə sıx münasibətləri ilə aktiv əlaqələri bəlli məsələdir, hətta movetondur. Amma rəsmi Bakı bir dəfə olsun belə (!) bunu Tehran qarşısında "ciddi problem" qismində səsləndirərək Ermənistanla əlaqələrə son qoyulmasını tələb etməyib. "Tehran ermənilərin təsiri altındadır" ifadəsi də rəsmi ritorikamızda olmayıb, yoxdur.

İrandakı bəlli qüvvələrsə Azərbaycanla İsrail arasındakı tərəfdaşlıqla əməkdaşlığı tam yanlış, qərəzli şəkildə qələmə verir və "sionistlər Bakını idarə edir" deyərək Bakını Beyruta, Azərbaycanı Livana çevirmək arzusunu gizlətmirlər.

3. “Azərbaycan Respublikasında şiələrin mütləq əksəriyyətə malik olmalarına baxmayaraq, hətta dini azlıqların malik olduqları hüquq və statusa malik deyillər. Bu vəziyyət beynəlxalq hüquqa ziddir”.

Bu suçlama isə artıq tragikomediyadır, çünki dünyanın heç bir ölkəsində hansısa dini qrup "rəsmi status"a malik deyil və olarsa, absurd yaranar. Bir anlıq düşünün ki, Rusiyada pravoslavlar, ABŞ-da katoliklər və ya yevangelistlər, Almaniyada lüteranlar, Polşada katoliklər qanunvericilikdə təsbit olunmuş "əlahiddə status"a malikdir. Belədə həmin ölkələrdəki situasiyanı təsəvvür etmək çətin deyil.

Tam əksəriyyəti İranın Qum şəhərində, ölkənin xüsusi xidmət strukturlarının tam və fasiləsiz nəzarətində olan, Azərbaycana qarşı düşmənçilik və nifrətlə dolu "fəaliyyət"ə görə aldıqları məbləğlərlə yaşayan bir dəstə başabəla soydaşlarımızın da aktiv iştirakı ilə hazırlanmış bu ittiham gülüncdür. Ən azı ona görə ki, beynəlxalq hüquqda heç bir dini qrupun "status"undan bəhs oluna bilməz.

Azərbaycanda istisnasız olaraq bütün vətəndaşlar qeyd-şərtsiz şəkildə bərabər hüquqlara malikdir.

İrandan fərqli olaraq. Çünki "şiə dövləti" olduğunu bəyan edən bu ölkədə sadəcə, son iki ildə "yetərincə dindar olmamaq"da suçlanan 11290 nəfər müxtəlif cəzalara məruz qalıb, 7822 nəfərsə həbs olunub.

Daha bir fakt: "dini ayinlərin keçirilməsi zamanı qaydaları və şərtləri pozduqlarına görə" son iki ildə İranın 39 şəhər və qəsəbəsində təqribən 600 nəfər cəzalanıb. Onların hamısı müsəlmanlar olublar.

4. "Hacı Taleh Bağırzadə və bir sıra digər İslam fəalları Azərbaycanda keçmişdə baş vermiş bir sıra hadisələrdə özünü göstərən anti-islamizm, anti-şiəlik və son zamanlar sistematik xarakter almış anti-Allahlığa qarşı etiraz etdiklərinə görə həbs olunublar. Hacı Taleh Bağırzadə 2015-ci ildə Ərbəin ərəfəsində Hüseyni əzadarlıq məclisində iştirak etdiyi üçün həbs edilib və 20 il müddətinə azadlıqdan məhrum edilib".

Taleh Bağırzadənin nəyə görə həbs olunduğu, ona qarşı irəli sürülmüş ittiham və məhkəmə prosesinin təfərrüatları ilə tanış olmaq əsla çətin deyil. T.Bağırzadənin "əzadarlıq məclisində iştiraka görə həbs edilməsi" iddiası isə o qədər gülüncdür ki, şərh etməyə belə, dəyməz. Ən azı ona görə ki, məhərrəm ayında Azərbaycanda minlərlə vətəndaşımıh əzadarlıq edir, buna görə "həbs"dən bəhs etmək şərhi belə, naqolaylıqdır.

"Müsəlman Birlik Hərəkatı"nı yaradaraq idarə edən, Azərbaycanda "Şəriət dövləti" qurmağa çağıran, yəni aşkar formada dövlət çevrilişinə və konstitusion üsul-idarəni devirməyə səsləyən T.Bağırzadənin belə "məsum, şəfqətə və himmətə zərurət duyan" şəxs kimi təqdimatı primitivizmdir.

"Anti-islamizm" və "anti-şiəlik" ifadələrinin bol işlədilməsinə rəğmən, onların mənasız və məntiqiz olduğunu yazdıq. "Anti-Allahlıq" dedikdə Tehranla Qumdakı "tənqidçi"lərin nəyi nəzərdə tutduqları anlaşılmazdır.

Aqnostisizm? Dualizm? Ateizm? Bəlli deyil.

Allahın danılması ölkəmizdə təbliğ edilmir: tam əksinə, dövlət dini təşkilatlara və qurumlara ciddi diqqət ayırır, qayğı göstərir. Qanunvericilikdə də dindarların dini hisslərinə qarşı yönəlmiş hansısa sözlərlə fəaliyyət yasaq sayılır.

Tehrandakı "mühafizəkarlar" bütün bunları bilirlər, lakin Taleh Bağırzadədən - əfsuslar olsun ki - təsir vasitəsi qismində istifadə etmək cəhdlərindən əl çəkmirlər.

Taleh Bağırzadəni və absurd ifadələrlə zəngin suçlamalara bürüdülmüş klişeləri simvolistika səviyyəsinə qaldırmağa cəhd etməkdənsə, ünvanımıza hədələr və yalan yağdıranlar yaxşı olardı 30 illik erməni işğalı dövründə məhv edilən məscidlərimizi, vəhşicəsinə qətlə yetirilmiş minlərlə soydaşımızı xatırlasınlar. İndi "anti-islamizm"dən dəm vuranlar nədən bu illər ərzində susdular, erməni vəhşiliklərindən və vandalizmindən bəhs etmədilər?

Allaha ibadət edənlərə divan tutanlarla qucaqlaşıb öpüşmək, onlara sürəkli yardım etmək Allaha pənah aparıb ona sitayiş edənlərə xəyanət deyilmi?

Ritorik sualdır...

... Azərbaycan cənub qonşusu İran İslam Respublikası ilə tərəfdaşlıqda və əməkdaşlıqda maraqlıdır. Ölkələrimizlə xalqlarımızı çoxəsrlik tarix birləşdir, aramızda oxşar cəhətlər həddən ziyadədir. İran hakimiyyəti də Azərbaycanla əlaqələrin sürətlə inkişaf etdirilməsini istədiyini fasiləsiz bəyan edir.

Lakin İran rəhbərliyi açıqlamalarının və vədlərinin reallıq çəkisinin daha artıq olmasına can atırsa, Tehranla Qumdakı cılız, bir dəstə anti-Azərbaycan elementlərin ölkəmizə qarşı kin, nifrət və küdurət dolu açıqlamalarına, dövlətimizə qarşı düşmən fəaliyyətinə son qoymalıdır.

Dostluq, tərəfdaşlıq ikitərəfli hərəkəti tələb edir. Bu, adi həyat və siyasət gerçəyidir. Tehrandan əməli addımlar gözləyirik.

Elçin Alıoğlu