Növbədənkənar Parlament Seçkilərinə 19 saylı Nərimanov rayon seçki dairəsindən namizədliyini irəli sürən Kənan Məmmədovun platformasına daxil etdiyi məsələlərdən biri də dövlət ali təhsil müəssisələrində təhsil ödənişlərinin əlçatımlı olmasıdır.
Gənc namizəd bildirir ki, elə öz təcrübəsində istər tələbə yoldaşları, istərsə də ünsiyyətdə olduğu gənclər arasında təhsil haqqlarının yüksək olduğuna görə çətinlik çəkən və ya ali təhsil ala bilməyən şəxslər çoxdur:
“Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nərimanov gəncləri ilə, ailələr ilə çoxsaylı görüşlər keçirmişəm. Gənclər təhsilə həvəslidir, valideynlər isə övladlarını savadlı görmək istəyir. Təəssüf ki, hətta dövlət ali təhsil müəssisələrində belə təhsil haqları aztəminatlı ailələr üçün əlçatımlı deyil. Məhz bu səbəbə görə təhsildən yayınanlar olur.”
Kənan Məmmədov bildirir ki, Təhsil Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin, cənab prezidentin ötən may ayında imzaladığı sərancama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində, orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Kənan Məmmədovun bütün bu sadalananlardan əlavə aztəminatlı ailələrin övladlarının da təhsil ödənişləri ilə bağlı təklifi var:
“Gəlin, nəzərə alaq ki, bu kriteriyalara cavab verməyən, lakin aztəminatlı ailələrin də övladları ödənişli əsaslarla ali təhsil müəsisisələrinə qəbul olunur, lakin ödənişin yüksək olmasına görə təhsilə başlaya bilmir və ya təhsilini yarıda dayandırmalı olur. Təəssüf ki, belə vəziyyət ölkəmizin neçə-neçə savadlı gəncinin önündə maneəyə çevrilir, neçə işıqlı tələbəmiz təhsildən yayınmalı olur. Bu onların gələcək həyatına, karyerasına mənfi təsir göstərir. Biz ali təhsil almaq istəyən və qəbul imtahanından uğurla keçmiş şəxslərin sırf maddi səbəblərə görə təhsildənkənar qalmasnıa göz yuma bilmərik. Buna görə də, millət vəkili seçiləcəyim təqdirdə imkansız ailələrin övlardlarının təhsilini davam etdirə bilməsi üçün müəyyən güzəştlər, endirimlər və ödənişdən azadetmə hallarını özündə əks etdirən yeni təkliflərlə çıxış edəcək, problemin həlli istiqamətində üzərimə düşən işi yerinə yetircəyəm”.
Kənan Məmmədov platformasına bununla yanaşı, müəllim və həkimlər üçün pensiya yaşının endirilməsi, orta yaşdan yuxarı insanların məşğulluğunun artırılması, uşaq pulularının bərpası kimi məsələləri də daxil edib.
Qeyd edək ki, Kənan Məmmədov 2010-cu ildə Prezident yanında Dövlət İdarəçlik Akademiyasından məzun olub, 2012-2015-ci illərdə İqtisad Universitetin Biznesin İdarə Olunması fakültəsində magistr dərəcəsi alıb. Hazırda ölkənin qabaqcıl banklarının birində Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəridir. Analitika və İnvestisiya üzrə tanınmış CFA sertifikatının ikinci dərəcə namizədidir. Ailəlidir, iki övladı var.
Son xəbərlər
Son Xəbərlər