Təfəkkür Universiteti tələbələrin fevraldan təhsil haqqını dollarla ödəyəcəyi ilə bağlı yayılan elana münasibət bildirib. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, həmin elanın heç bir əsası yoxdur:
“Elanın hansı universitetə aid olduğu bilinmir. Təfəkkür Universitetində təhsil haqqı bir qayda olaraq tələbələr birinci kursa qəbul olunanda rektorluqla tələbələr arasında bağlanmış müqaviləyə əsasən tənzimlənir. Universitetimiz fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi tələbələrin təhsil haqqı yalnız milli manatla ödənilir. Bu gün də tələbələrin təhsil haqqında heç bir dəyişik olmayıb, təhsil haqları yalnız manatla ödənilir. Ötən gün universitetdə heç bir tələbə olmayıb. İmtahanlar bu gündən başlayıb. Ona görə də hansısa tələbənin o elanı çəkib sosial şəbəkədə yayması doğru deyil”.
Xatırladaq ki, ötən gün Təhsil Nazirliyi təhsil haqlarının manatla ödənilməsi şərtinin tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə öz əksini tapdığını vurğulamışdı.
***
Təhsil Nazirliyi də məsələyə aydınlıq gətirib. “Qafqazinfo” nun sorğusuna cavab olaraq bildirilib ki, nazirlik Təfəkkür Universitetinin tələbələrdən təhsil haqlarının Azərbaycan manatı ilə deyil, dollarla ödənilməsinin tələb olunması ilə bağlı məlumatı araşdırıb: “Universitetdən bildirilib ki, təhsil müəssisəsinin binasından belə bir elan asılmayıb və tələbələrin təhsil haqqında heç bir dəyişiklik olmayıb. Məlumat üçün bildiririk ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir və bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapmışdır. Həmin müqavilələr tələbələr təhsillərini başa vuranadək qüvvəsində qalmalı, təhsil haqlarının səviyyəsi dəyişməməlidir.
Ali təhsil müəssisəsinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqı yoxdur. Eyni zamanda qeyd edək ki, yeni tədris ili üzrə təhsil haqlarının artması və ya azalması məsələsinə mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq”.
Günel Türksoy

Son xəbərlər
Son Xəbərlər