Təhsil işçilərindən Türkiyəyə 30 milyon lirədən çox yardım

tehsil-iscilerinden-turkiyeye-30-milyon-lireden-cox-yardim
Oxunma sayı: 1434

Bu ilin fevral ayında qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar təhsil işçiləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə başlanan könüllü yardım kampaniyasına qoşulublar.

“Qafqazinfo” xəbər verir ki, Assosiasiyanın həyata keçirdiyi kampaniyaya regional təhsil idarələri, ali, ümumi və orta ixtisas təhsili müəssisələri, eləcə də elm və təhsil işçiləri fərdi şəkildə yardım göstəriblər.

Ümumilikdə 72 100 elm və təhsil işçisi yardım kampaniyasına ianə edib. Kampaniyanın yekununda, dəstək məqsədilə toplanan maddi yardımın məbləği ümumilikdə, 2741153.97 manat olub ki, bu da təxminən 31 milyondan çox türk lirəsi təşkil edir. 

Qardaş ölkəyə yardım məqsədilə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri ümumilikdə 1448608.41 manat, ali təhsil müəssisələri 839401.34 manat, orta ixtisas təhsili müəssisələri 65578.75 manat, şəxsi hesablarından ödəyən elm və təhsil işçiləri isə 387565.47 manat yardım göstərib.

Qeyd edək ki, təhsil işçilərinin topladığı yardım ölkə rəhbərliyinin tapşırığı ilə Türkiyəyə yardım çərçivəsində təhsil müəssisələrinin tikintisinə sərf ediləcək.