Gəncə müəllimlərinin 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, konfransda ötən tədris ilində şəhər təhsilində qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub. Gəncə şəhər təhsil idarəsinin rəisi Zakir Hüseynov 2014-2015-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edərək deyib ki, son 4 ildə şəhərdə 35 orta məktəb əsaslı şəkildə təmir edilərək, pedaqoji kollektivlərin ixtiyarına verilib. Ümümtəhsil ocaqlarından 4, 26 və 40 nömrəli orta məktəblər keçən il təmir edilib. Şəhər təhsil idarəsinin yeni inzibati binası təhvil verilib. Hazırda 14, 41 və 44 nömrəli məktəblərdə əsaslı təmir işləri sürətlə davam etdirilir. 39 nömrəli tam orta məktəbdə 1.200 şagird yerlik yeni tədris korpusunun inşasında isə son tamamlama işləri aparılır.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışıb. Keçən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini verib. Qazanılan uğurlara görə pedaqoji kollektivləri təbrik edərək, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Konfransın sonunda yüksək balla ali məktəblərə daxil olan gənclər bir daha təbrik edilib. Onlara hədiyyələr təqdim olunaraq təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzu edilib.


Son xəbərlər
Son Xəbərlər