Təhsil işçilərinin sentyabr konfransları davam edir - Fotolar+Yenilənib

tehsil-iscilerinin-sentyabr-konfranslari-davam-edir
Oxunma sayı: 2976

Bu gün Abşeron-Xızı, Dağlıq Şirvan, Qarabağ, Qazax-Tovuz və Quba-Xaçmaz region təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib.

Qafqazinfo” xəbər verir ki, Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə keçirilən konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 2023–2024-cü tədris ilində görülən işlər haqqında danışıb, növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.

Konfransda çıxış edən nazir müavini Firudin Qurbanov təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsi ilə bağlı qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb. Daha sonra Təhsil İnstitutunun direktor müavini İlham Cavadov 2023–2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib. 

***

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə keçirilən konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov, şəhid ailəsi üzvü olan təhsil işçiləri, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, bağça müdirləri, müəllimlər və digər şəxslər iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da öz növbəsində təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. 

Sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı Dağlıq Şirvan regionunda olan IV və VI sinif şagirdlərinin monitorinq, eləcə də IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri barədə danışıb. 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov idarənin tabeliyində olan rayonlarda həyata keçirilən bir sıra təmir və tikinti işlərindən də söz açıb.

***

Quba – Xaçmaz Regional Təhsil İdarəsi üzrə də təhsil işçilərinin sentyabr konfransı baş tutub. Burada elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, region üzrə təhsil işçiləri iştirak ediblər.

Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev çıxışında təhsil sahəsində əldə olunmuş nailiyyət və hədəflər haqqında məlumat verib. 

***

Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, aidiyyəti idarə, məktəb rəhbərləri və təhsil işçiləri iştirak ediblər. 

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb və onlara yeni tədris ilində uğurlar arzulayıb. 

Konfransda çıxış edən Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə şəhərində təhsil mühitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. 

Sonra çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev region üzrə IV və VI sinif şagirdlərinin monitorinqi üzrə nəticələri, həmçinin IX və XI sinif buraxılış imtahanlarının nəticələri barəsində statistik məlumatlar verib, bununla bağlı tövsiyə və qeydlərini əlavə edib. Fuad Qarayev təhsil idarəsi üzrə şagirdlərin fənn olimpiadalarındakı göstəricilərinə də toxunub. 

***

Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.

Konfransda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.

Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrin tətbiqi vəziyyətindən danışıb.