Təhsil Şöbəsi də keçmiş əməkdaşının intiharı ilə bağlı məlumat yaydı

tehsil-sobesi-de-kecmis-emekdasinin-intihari-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 2071

Laçın Rayon Təhsil Şöbəsi sabiq əməkdaşı Baxışov Müqabil Baxış oğlunun intihar etməsi ilə bağlı yayılan məlumatlardakı ittihamlara cavab verib.

Şöbədən "Qafqazinfo"ya daxil olan məlumata görə, mərhum Müqabil Baxışov 1 fevral 2008-ci il tarixindən Laçın Rayon Təhsil Şöbəsində çalışıb, lakin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 14 iyun 2011-ci il tarixində elan etdiyi müsabiqədən keçə bilmədiyinə görə iddia etdiyi vakant məsləhətçi vəzifəsini tuta bilməyib.

M. Baxışov 20 iyun 2013-cü il tarixində Laçın RTŞ-də digər vəzifəyə təyin edilib, həmin vəzifədə işlədiyi dövrdə əmək fəaliyyətində yol vermiş ciddi nöqsanlara görə Laçın Rayon Təhsil Şöbəsinin sabiq müdiri M. Vəliyevin əmrinə əsasən onunla imzalanmış əmək müqaviləsinə xitam verilib. M. Baxışova dəfələrlə ümumi təhsil müəssisəsinə ixtisası üzrə müəllim təyin olunması üçün mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməsi tövsiyə olunsa də, o, ötən illər ərzində qeyd olunan müsabiqədə iştirak etməyib. Bundan əlavə, Laçın Rayon Məhkəməsinin 2 mart 2017-ci il tarixli hökmünə əsasən, M.Baxışov Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü (dələduzluq) maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib.

Laçın Rayon Təhsil Şöbəsi baş vermiş hadisə ilə bağlı mərhumun ailəsinə başsağlığı verir.