“TEKNOFEST” çərçivəsində müsabiqəyə start verildi

teknofest-cercivesinde-musabiqeye-start-verildi
Oxunma sayı: 910

26-29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ekologiyanın qorunması, bərpa olunan enerji mənbələrinə dair yeni texnologiyaların təşviqi və sıfır tullantı hədəfinə yönəlmiş layihələrin qəbuluna başlanılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə,  ətraf mühitin qorunması sahəsində keçirilən müsabiqəyə qeydiyyat artıq başlayıb.

Cari müsabiqə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə və bərpa olunan enerji mənbələri istiqamətində ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələrin təqdim edilməsinə çağırış edir. “TEKNOFEST” çərçivəsində təşkil olunan müsabiqədə yuxarı sinif şagirdləri, tələbələr və gənc sahibkarlar iştirak edərək yeni ideya və prototiplərini təqdim edə bilərlər.

Müsabiqə bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir. 

Müsabiqədə 3 kateqoriya üzrə iştirak etmək mümkündür. Müsabiqənin özəlliyi həm də ondan ibarətdir ki, orta məktəb şagirdləri A kateqoriyası üzrə innovativ təşəbbüs və ideyalarını “TEKNOFEST” kimi mötəbər festivala təqdim edə bilərlər. Müsabiqənin şərtlərinə əsasən orta məktəb komandaları mentorlar qismində məsləhətçiləri işə cəlb etməli və müvafiq layihə təklifini birgə təqdim etməlidirlər. A kateqoriyalı komandaların finalda öz məsləhətçisi ilə iştirakı lazımdır.

B kateqoriyası üzrə Azərbaycanda təhsil alan ali məktəb tələbələri müvafiq mövzularla bağlı innovativ həll yolları və layihələrini müsabiqəyə təqdim edə bilərlər. Fərdi iştirakçılar və ya onlardan ibarət komandalar isə C kateqoriyası üzrə müsabiqəyə qoşula bilərlər.

Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi 17 fevral 2022-ci ildir. Qeydiyyat üçün elektron keçiddən istifadə edilməlidir: https://teknofest.az/az/competitions/

Əlavə məlumat əldə etmək üçün: 050 251 40 28, [email protected], teknofest.az .