Tələbə krediti belə qaytarılacaq

Tələbə krediti belə qaytarılacaq
Oxunma sayı: 1537

Tələbə Təhsil Kreditlərinin (TTK) qaytarılması qaydası açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, barədə məlumat Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda yer alıb.

Sənədə əsasən, borcalan TTK-ni əvvəlcədən təsdiq edilmiş ödəniş cədvəli üzrə qaytarır.

Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır.

TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır.

Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.

Bu Qaydada mövcud olan hallarda ödəniş cədvəli həmin halların yarandığı gündən başlayaraq yenidən tərtib edilir.

TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:

Yuxarı təhsil səviyyəsində əyani təhsil;

Həqiqi hərbi xidmət;

Məhkumluq (dörd ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);

İşləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv edilir.

TTK-yə görə möhlət müvəkkil banka təqdim edildikdə verilir. Bu sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.

TTK vaxtından əvvəl qaytarıla bilər.

TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.

Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya tutulur. Digər hallarda ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.

Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından TTK-nin tutulması Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Belə olan halda kredit müqaviləsi bağlanan zaman tələbə tərəfindən təqdim edilən TTK üzrə ödənişlərin əməkhaqqından tutulması barədə notariat qaydada təsdiq olunmuş razılığı əsas götürülür.

Borcalanın əmək fəaliyyəti ilə məşğul olması halı sistemə inteqrasiya olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müəyyən edilir. Müvəkkil bank bu sistemə çıxış əldə edərək, əməkhaqqından kredit üzrə ödənişlərin tutulması barədə borcalanın notariat qaydasında təsdiq olunmuş razılığını işəgötürənə göndərərək ödənişləri tələb edir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalandan TTK üzrə ödənişlər onların bank hesablarından TTK götürmüş borcalanın notariat qaydasında təsdiq olunmuş razılığı təqdim olunmaqla tutulur. Müvəkkil bank sistemə inteqrasiya olunmuş İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə borcalanın sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, eləcə də bank hesabları barədə məlumatları əldə edir.

Borcalan TTK üzrə öhdəliklərini yerinə yetirmədikdə, TTK üzrə defolt halı baş verdikdə, müvəkkil bankın Fond qarşısında hər hansı maliyyə öhdəliyi yaranmır.